Azərbaycanlılar erməni hücumlarını müzakirə etdi

0
507

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının (AAKŞ) ilk toplantısı keçirilib. Toplantıda ABŞ-ın müxtəlif ştatlarından olan bir qrup icma üzvü iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, toplantını giriş sözü ilə ABŞ-ın Yuta ştatında yaşayan Azərbaycan icmasının fəal üzvü Əsmər Hüseynova açıb.

Bildirib ki, pandemiya və Ermənistanın iyul təxribatları kimi məsələlər ABŞ-dakı soydaşlarımızın da mütəşəkkil və koordinasiyalı şəkildə fəaliyyət göstərməsinin zəruriliyini ortaya qoyub.

Müzakirələr zamanı AAKŞ-nin əsasnaməsi, idarə heyətinin seçilməsi, Şuranın fəaliyyət planı və digər mühüm məsələlərdən danışılıb. Natiqlər bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının, icma üzvlərinin və fəallarının birgə fəaliyyətini əlaqələndirmək, soydaşlarımızın milli kimliklərini qoruyub-saxlamaq, yerli cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq baxımından Koordinasiya Şurasının rolunu yüksək qiymətləndiriblər.

Toplantı AAKŞ-nin idarə heyətinin 9 üzvünün seçilməsi və əsasnamənin qəbul edilməsi ilə yekunlaşıb.