Azərbaycanlı tələbə Avropada mühum vəzifəyə seçilib – FOTO

0
430

Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Avropanın 44 ölkəsində 350-dən çox şəhər və universiteti, o cümlədən 54 500-dən çox gənci özündə birləşdirən dünyanın ən böyük hüquq gəncləri və tələbələri təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə, Azərbaycan nümayəndəliyinin əsası isə 2010-cu ildə qoyulmuşdur. ELSA-nın əsas fəaliyyəti gənclər üçün hüququn müxtəlif sahələrinə dair faydalı yerli və beynəlxalq tədbirlər, müsabiqələr, ölkələrarası təcrübə proqramları keçirməklə onların inkişafına dəstək göstərməkdir.
 
ELSA-nın Azərbaycandakı Milli İdarə Heyətinin üzvü Samirə Səfərova 11-17 aprel 2021-ci il tarixlərində keçirilən Beynəlxalq Şura Toplantısında 20-dən çox ölkənin səsini toplayaraq, Beynəlxalq İdarə Heyətinin (BİH) Akademik Fəaliyyətlər üzrə Vitse-Prezidenti vəzifəsinə seçilib.
 
Qeyd edək ki, BİH təşkilatın ali icra orqanıdır və BİH-in 8 üzvü Belçikanının Brüssel şəhərindəki ELSA-nın baş ofisində bir illik müddətə fəaliyyət göstərir. Onların əsas işi üzv ölkələrdən verilən məlumatları toplamaq, onları müvafiq olaraq hazırlamaq, o cümlədən Ölkə və Şəhər qrupların əlaqələndirilməsi və idarə edilməsidir. Həmçinin, BİH beynəlxalq təşkilatlar, firmalar, hökumətlər, digər gənclər assosiasiyaları və s. ilə peşəkar əməkdaşlığı həyata keçirir.

Bununla yanaşı, Samirə Səfərova Vəkillər Kollegiyası və ELSA Azərbaycanın təşəbbüsü ilə fəaliyyətə başlamış “ProDemos – Xalq üçün” təşkilatının İdarə Heyətinin üzvüdür və bu gün keçirilmiş görüşdə də Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu uğur münasibətilə Samirə xanımı təbrik edib, Kollegiyanın hər zaman gənclərin yanında olduğunu bildirib və sonda Azərbaycan vəkilliyinin 100 illik yubileyinə həsr olunmuş markalar hədiyyə edilib.

Məlumat üçün bildiririk ki, Vəkillər Kollegiyası ilə ELSA Azərbaycan arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq, Vəkillər Kollegiyası Rəyasət Heyətinin dünən, yəni 28.04.2021 tarixində keçirilmiş iclasında sözügedən təşkilatın bu dönəm layihələrindən “Moot Court” – Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinə, o cümlədən hüquqi mübahisənin müzakirəsi və vəkilliyə marağın artırılması ilə bağlı Danışıqlar Müsabiqəsinə maddi dəstəyin göstərilməsi qərara alınıb.