Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb – FOTO

0
498
“Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verdi, İtalya beynəlxalq film festivalında bir gündə 3 filmim mükafata layiq görüldü”.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.

Azərbaycan istehsalı olan “Şollerin arxivi” bədii filmi növbəti uğurunu İtaliyada “Under The Stars International Film Festival”da qazanıb. Film “Ən yaxşı bədii film” kateqoriyası üzrə mükafata  layiq  görülüb. Bundan əlavə, “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri “Ən yaxşı sənədli film” kateqoriyasına seçiliblər.

 

“Bir il ərzində saysız-hesabsız mükafatlar qazanıb, müxtəlif nüfuzlu film festivallarının qalibi olan “Şollerin arxivi” bədii filmi əsəri Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. İstehsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib, ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda tanıtmaq, göstərmək üçün çəkilib və buna da nail olmuşuq”, – C.Qasımov deyib.

 

Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.