Azərbaycanlı QİDA KİMYAGƏRİ sağlamlığın sirrini açdı: “Genetik kodlar 35 yaşdan sonra açılır və…”

0
453
Azərbaycanlı QİDA KİMYAGƏRİ sağlamlığın sirrini açdı: “Genetik kodlar 35 yaşdan sonra açılır və…”

“Leman Med Klinikası”ın baş həkimi, dietoloq, həkim-terapevt Ləman Süleymanova Ramazan ayında sağlam qidalanma ilə bağlı mühüm tövsiyələr verib. Həkim eyni zamanda bildirib ki, genetik xəstəliklər 35 yaşdan sonra üzə çıxmağa başlayır.

Dietoloqun müsahibəsini təqdim edirik:

– Son bir ildə planetdə hər üç nəfərdən birinin kökəldiyinə dair xəbərlər yayılır. Sizin təcrübələriniz nə deyir?

– Xüsusilə son bir ildə pandemiya ilə əlaqədar olaraq artıq çəkidən əziyyət çəkənlərin sayı günü-gündən artır. Müxtəlif ölkələrdən pasiyentlərim var. Ən çox Türkiyə, Rusiya, Bolqarıstan, Yunanıstan, İsraildən müraciətlər olur. Rusiya və İsraildə isə uşaqlara görə edilən müraciətlər üstünlük təşkil edir. Dünyada tüğyan edən xəstəlikdən sağalmaq üçün çox ciddi müalicə üsulları tətbiq olunur. Müalicədən sonra hər bir insanda çəki artımı müşahidə edilir. Statistikaya görə, 2018-2019-cu ildən fərqli olaraq indi artıq çəkidən əziyyət çəkənlərin sayı daha da artıb. Hətta uşaq və yeniyetmələrdə də piylənmə problemləri ötən illərlə müqayisədə 5% yüksəkdir. Böyüklərdə isə bu rəqəm 9-10 faizdir. Bu, ciddi göstəricidir.

– Stress köklük səbəbi ola bilərmi?

– Stress köklüyə gətirib çıxaran ən vacib faktorlardan biridir. Allah insanı mükəmməl robot sisteminə uyğun şəkildə yaradıb. Hormonların sürət mexanizmi, ətraf mühitə baxışımız, psixoloji durumumuz, eləcə də stress hormonal mübadiləmizə təsir edir. Müəyyən insanlar var ki, əsəbləşəndə qidaya tələbatı artır və yeməyə hücum edir. Əsəbini çox yeməklə tənzimləyir, bu da kökəlməyə gətirən səbəblərdən biridir. Psixoloji durumunda çox ciddi problemi və nevroloji müalicəyə ehtiyacı olan insanların uzunmüddətli dərman qəbulu da piylənməyə gətirib çıxarır.

Elmlə məşğul olan işgüzar insanların yuxu rejiminin pozulması da çəkidə problemlərə səbəb olur. Yuxu rejiminin və yuxu hormonlarının normal olmaması nəticəsində mərkəzi sinir sistemi istirahət edə bilmir. Bu insanlarda ən çox stress və piylənmə kimi narahatlıqlar müşahidə olunur. Stress insanın bir nömrəli düşmənidir. Odur ki, mümkün qədər stressdən uzaq durmaq lazımdır. İnsanın özü özünün psixoloqu olmalıdır ki, ən çətin anlardan çıxa bilsin.

– Qarşıdan yay ayları gəlir. Vətəndaşlar yay mövsümünə necə hazırlaşır?

– Pandemiya səbəbilə ilboyu istirahətdə olmuş sayılsaq da, hər halda yayın gəlişi, yay günəşinin nuru və istiliyi bizi sevindirir. Yayın gəlişini səbirsizlikə gözləyirəm, ona görə ki, dəhşətli virusun yoluxuculuğu və təsiri yayda bir qədər azalır. Yay aylarının özünün də xüsusi gözəlliyi var, insanlar dincəlirlər. O cümlədən qidalanmaya xüsusilə diqqət etməliyik. Qış fəsli kəskin respirator xəstəliklərin aktivləşdiyi bir dövrdür. İnsanlarda belə bir fikir formalaşır ki, çox yeməklə bu xəstəliklərdən qorunuruq, immunitetimiz güclənir. Əslində belə deyil.

Yay fəslində bədən daha yüngül qidaları tələb edir. Həzm prosesinin yaxşılaşdırılması üçün axşam qidalarını yüngülləşdirməliyik. Odur ki, yay fəsli arıqlamağımız üçün münbit şərait yaradır.

– Uzun müddət ac qalan insan peyvənd vurdura bilərmi?

– Peyvənd olunan gün ac qalmısınızsa, ciddi fəsadları olmayacaq. Lakin uzun müddət pəhriz saxlayan insanın immuniteti zəif olacaq. Bu mənada onların peyvənd vurdurması düzgün deyil. İmmunitetimiz yüksək olmalıdır ki, orqanizm virus yükünə tab gətirsin. Peyvəndin özü də virusun inaktivləşdirilmiş variantıdır. İmmuniteti zəif olan insan peyvənd olunarsa, halsızlıq, yorğunluq, ürəkbulanma daha çox olacaq. Bu insanlar immunitetini gücləndirməli, D vitamini qəbul etməli və sağlam qidalanmalıdır. İmmunitet fazası yüksələndən sonra həmin adam vaksin oluna bilər.

Uzunmüddətli pəhrizdən, kortəbii dietalardan söhbət gedirsə, orqanizm üçün zərərlidir. Dediyim kimi, insan bədəni elə sistemləşdirilib ki, mədəaltı vəzin və beynin inkişafını aktivləşdirən, eləcə də cinsi aclıq, toxluq, yuxu və digər hormonlar öz fəaliyyətini görməlidir.

Ümumiyyətlə, biz o qədər sağlam qidalanmalıyıq ki, qidalardan bütün makro və mikro elementləri mənimsəyə bilək. Boşqabımız zülal, yağ, minerallarla zəngin olmalıdır ki, metabolizmimiz aktiv olsun, maddələr mübadiləsi aktiv şəkildə dövr etsin. Menyuda proteinlə zəngin yeməklər, xüsusilə ət üstünlük təşkil etməlidir, su balansını tənzimləməliyik. Biz o qədər sistemləşmişik ki, bütün bu qidalar həm zehni, həm əhvalımızı yaxşılaşdırır, həm də digər hormonlarımıza çox böyük təsir edir.

Məsələn, meyvə və tərəvəzlərdəki bitki lifləri təmizləyici xarakter daşıyır. Onları yağlı qidalardan əvvəl yesək, bu, qidaların tərkibindəki xolesterinin orqanizmə mənfi təsirini azaldacaq. Amma yeməkdən dərhal sonra meyvə yeyəriksə, onda əksinə, bitki lifləri insana mənfi təsir göstərən yağları daha qalıcı edəcək, ürəkbulanmalara, halsızlığa gətirib çıxaracaq. Odur ki, meyvə-tərəvəz yeməkdən əvvəl qəbul edilməlidir, sonra yox.

Qidalanma mürəkkəb sistemdir, odur ki, çox diqqətli olmalıyıq, hər bir xəstəliyin özünə uyğun qidalanması var. Bu qidalanma cədvəli bizə hər bir xəstəlikdən özümüzü sığortalamağa imkan verir. Heç bir tibbi savadı və həkim diplomu olmayan alverçilər sosial şəbəkələrdə səviyyəsiz marafonlar və yalançı pəhrizlər təşkil edirlər. Bütün günü ac qalmaq orqanizmi heydən salır, immunitet zəifləyir, piy kütləsi parçalanmır, əzələ boşalması, halsızlıq, yorğunluq meydana gəlir, su balansı azalır. Səhv dietalar bir çox hallarda çəkinin azalmasına deyil, əksinə, artmasına səbəb olur. Bu isə qaraciyərdə piylənməyə, mədəaltı vəzin funksiyasına və insulinin miqdarına təsir edir. Odur ki, biz zəhərli kokteyllərdən, yalançı marafonlardan uzaq durmalıyıq. Sosial şəbəkələrdə satışa çıxarılan iyrənc kokteyllər xərçəng xəstəliyinə belə gətirib çıxara bilər. Belə kortəbii dərman və vasitələrlə təbii ki, arıqlamaq immuniteti heydən salır, ətraf mühitin infeksiyasına qarşı orqanizmin müqaviməti olmur. Zülal, yağ, karbohidrat, mineral və mineralların mübadiləsi nəticəsində daxildə “antivirus sistemi” yaranır. Bunun üçün boşqabımız vitamin və digər faydalı elementlərlə zəngin olmalıdır. Əgər vitamin boşqabımız zəif olarsa, nəinki COVID-19, istənilən virus rahatlıqla orqanizmə daxil olur və öz işini görür. Bu, çox ağır fəsadlara gətirib çıxara bilər.

– Arıqlamaq məqsədi ilə oruc tutan insanlara nə demək istəyərdiniz?

– Mübarək Ramazan ayının fəziləti və kəraməti böyükdür. İslam dinində tibb elminə yaxın nüanslar görürəm. 11 ayın sultanı olan Ramazan ayı dini nöqteyi-nəzərdən günahlardan, tibbi baxımdan orqanizmin təmizlənməsi deməkdir. Müəyyən insanlar var ki, orucluqdan sui-istifadə edirlər. Birincisi, orucluğun öz qayda-qanunları var, onlara əməl etmək lazımdır. Dini baxımdan səhər imsaka durmaq vacibdir. Allahın dərgahı açılır, insanla ünsiyyətə yaxınlaşır, mələklərin evlərə qonaq gəlməsi prosesi başlanır.

Tibbi tərəflərinə gəldikdə, oruc tutan insan gün ərzində aktiv və energetik olmaq istəyirsə, imsakda durub səhər yeməyəni yeməlidir. İmsakda vacib olan bütün qidalar olmalıdır.

– Bütün qidalar dedikdə nəyi nəzərdə tutursunuz?

– Orqanizmin fiziki aktivliyini və energetik balansını tənzimləyən sağlam qidadan söhbət gedir. Məsələn, səhər yeməyində aşırı yağlı və duzlu qidalar yemək olmaz. Bu zaman energetik balans pozulduğu üçün daha tez yorula bilərik, üstəlik gün ərzində suya tələbatımz artar, arterial təzyiqin yüksəlməsinə gətirib çıxara bilər.

İmsakda hər şeydən çox təmiz suya ehtiyacımız var, bacardıqca su içməliyik ki, gün ərzində su balansının bir hissəsini ödəyə bilək. Bu, gün ərzində rahatlığımızı təmin edəcək, su balansı dövriyyəsinə kömək edəcək. Meyvə-tərəvəzin tərkibindəki karbohidratlar isə gün ərzində bizi yüksək enerji ilə təmin edəcək. Menyuda kəsmik olmalıdır. Bir dilim çörək, yağsız pendir, bir qədər cem və yumurta istifadə edə bilərsiniz. Məsləhət görürəm ki, zəngin səhər yeməyi həftədə 3 dəfə olsun, qalan günlər daha yüngül səhər yeməyinə üstünlük verin ki, həm energetik balansımız tənzimlənsin, həm də gün ərzində aktiv olaq. Belə qidalanma bizi saat 4-ə qədər aktiv saxlayacaq. 4-dən sonra iftara qədər çalışmalıyıq ki, əhvalımızı yüksək tutaq. İftarda da orqanizmi həddən artıq yükləmək məsləhət deyil, ifrat dərəcədə israfçılığa varmaq olmaz. İsrafçılıq dini baxımdan yaxşı qarşılanmır. Pandemiyanın davam etdiyini unutmamalıyıq, çalışın ev şəraitində öz ailəniz üçün süfrə açın, Allah yolunda dualarınızı edin. Yeməklər bir-biri ilə bəhsə girməməlidir, süfrəyə müxtəlif cür şirniyyatlar düzülməməlidir. Əgər özünü Allah qarşısında sınayırsansa, özünü ona tanıdırsansa, süfrən də çox sadə olmalıdır. İftarda boyat çörək, yüngül şorba və yüngül formada hazırlanan balıq, toyuq və ya ət yeməyi kifayətdir. Qazlı içkilərdən də uzaq durun, bu sular susuzluq hissini gücləndirir. Bütün günü ac qalan orqanizmi ağır qidalarla yükləyib mədə və bağırsaqları incitməyin. Sağlam oruc tutun ki, həm Allaha xoş getsin, həm də orqanizminiz tibbi nöqteyi-nəzərdən fayda görsün.

– Sağlam qidalansa da, arıqlaya bilməyən insanlar var. Bu halda problemin kökündə nə dayanır? Hərəkətsizlik ola bilərmi? Demək olarmı ki, daha çox yeyən yox, daha az hərəkət edən kökəlir?

– Təbii ki, bu, ciddi problemlərdən xəbər verir. Orqanizm reaksiya vermirsə, demək ki, hormonal fonda pozğunluq var. Hər bir qidanın başqa bir qida ilə reaksiyasını hesablayır və o insanın qidalanma sistemini təşkil edirəm. İnsan orqanizmi oyuncaq deyil. Əgər bu bizə etibar olunursa, müalicə proqramı düzgün tərtib olunmalıdır, artıq çəkili insanın problemlərinin kökü araşdırılmalıdır.

Dietologiya sistemi çox mürəkkəb elmdir, 2011-ci ildən Azərbaycanda dietologiya elmini inkişaf etdirmişəm. İlk növbədə həkim olmaq və xəstəlikləri bilmək lazımdır. “2 dənə xiyar yesən, arıqlayacaqsan” deməklə iş bitmir. Pasiyent ilk növbədə müayinə olunur, daha sonra kökəlməyə səbəb olan hormonların sayı qanda yoxlanılır, US-dən keçir, psixoloji vəziyyəti nəzərə alınır, eyni zamanda keçirdiyi xəstəliklər, həyat fəaliyyəti, iş prosesi və yaşadığı ölkənin iqlim xüsusiyyəti diqqətə alınır. Buna uyğun olaraq xəstəyə individual proqram tərtib olunur. Hər şeydən əvvəl qida kimyagəriyəm, hətta qida ilə müəyyən xəstəlikləri müalicə edirəm.

Çox vaxt artıq çəki səbəbindən qadınlar uşaq dünyaya gətirə bilmirlər. Normadan 10-20 kq artıq çəki qadınlarda hormonal pozulmaya gətirib çıxarır, yumurtalıqların fəaliyyətini ləngidir, hormonlar normal çalışmır. Kişilərdə də artıq çəki nəsil artırma qabiliyyətini aşağı alır. Artıq çəki xüsusilə ürək-damar və şəkər xəstəliklərinə gətirib çıxarır. İkinci tip diabetdən əziyyət çəkən insanlarda köklük problemi varsa, daha diqqətli olmalıdırlar. Ümumiyyətlə, artıq çəki problemi çox geniş mövzudur, bu barədə çox danışmaq olar. Qısa olaraq belə izah edə bilərəm: artıq çəki insan üçün həqiqətən böyük bir fəlakətə səbəb ola bilər. Elə xəstələr var ki, onların pəhrizi çox həssas qurulmalıdır. Uşaqlarda isə qlütensiz qidalara üstünlük verilməlidir, həkim uşaq xəstəliklərini bilməlidir.

Fiziki passivlik çox ağır nəticələrə gətirib çıxara bilər. Məsələn, çox yeyən adam bütün gün uzanıb yatırsa, qidalardan aldığı enerji sərf etdiyi enerjidən qat-qat yüksək olursa, bundan ilk növbədə daxili orqanlar əziyyət çəkir. Xüsusilə qaraciyər, mədəaltı vəz, qadınlarda yumurtalıqlar və ürək-damar sistemində problemlər meydana gəlir. Açılmamış genetik kodlar 35 yaşdan sonra açılır və genetikada olan xəstəliklərin yaxınlaşması sürətlənir. Əgər genetikada şəkər və ya mədə-bağırsaq xəstəlikləri varsa, 35 yaşdan sonra sizdə də yaranma təhlükəsi artır. Bu təhlükənin qarşısını almaq üçün sağlam qidalanmalısınız. Hərəkətsiz həyat tərzi piylənməyə səbəb olur, piylənmə də öz işini görəcək, arterial təzyiq yüksələcək və s. Odur ki, insan qidadan aldığı enerjidən nisbətən çox enerji sərf etməlidir, fiziki aktiv olmalıdır, heç olmasa, bərabər olmalıdır.

– Çəkinin tez-tez dəyişməsi dəridə yaşlanma prosesini sürətləndirə bilərmi?

– Saxta dietoloqlar tərəfindən quraşdırılmış yalançı dietalar və arıqladıcı kokteyllər, zəhərli çaylar və dərmanlar orqanizmi aldadır. Əzələ şar kimi boşalır və yenidən dolur. Yalançı arıqlamaq da elədir, bədən boşalır və yenidən çəki artırırsınız. Bu zaman hormonal fonda problemlər əmələ gəlir. Odur ki, mütəxəssisə müraciət etmək lazımdır. Tərtib etdiyim proqramlarda duz, hətta kərə yağı, ət, qızartma yeməkləri, şirniyyat və şokolad da var. Pasiyenti heç bir qidadan məhrum etmirəm, çünki qidaların kimyasını bilirəm. İnsan orqanizminin kimyasını da bildikdən sonra onu qidaların kimyası ilə uyğunlaşdırıram. Qidaların reaksiyasından lazım olan maddələri toplayıram. Heç bir dərman istifadə etmədən və ac qalmadan sağlam şəkildə çəki problemlərini aradan qaldırıram. Xəstəyə özümün yanaşma tərzim var, bu, metodumun incəliyidir. Bu arıqlama üsulu ilə çəki heç vaxt geri qayıtmır, dəriyə gedən vitamin balansını və hormonların sürət mexanizmini hesablayıram. Bunlar çox vacibdir.