Azərbaycanlı jurnalistlər buna görə işdən çıxarılır – Şevçenko

0
515

Xocalı soyqırımını unutmamalı, səbəblərini anlamalı və qiymətləndirməliyik. Axı bunun səbəbləri ermənistanlılar və azərbaycanlılar arasındakı münaqişə deyil. İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan erməni xalqını da azad edib.

Bunu tanınmış rus jurnalist, ictimai xadim Maksim Şevçenko Moskvada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsində çıxışında bildirib.

O qeyd edib ki, ermənilər bunu nə vaxtsa dərk edəcək:

“Düşünürəm ki, onlar artıq bunu dərk etməyə başlayıblar. Cənubi Qafqaz əməkdaşlıq zonası olmalıdır. İnsanlar döyüşməməli, Strabon və Herodotun dövründə burada kimin yaşadığını düşünməməlidirlər. Əksinə, onlar yolların necə qurulacağını, turistlərin necə cəlb olunacağını, ortaq müəssisələrin necə açılacağını düşünməlidirlər. Sərhədlər açılmalı, insanlar millətçilikdən imtina etməlidirlər”.

Rus jurnalist II Qarabağ müharibəsi zamanı Gəncəyə edilən raket hücumunun Xocalının davamı olduğunu qeyd edib:

“Mən Gəncədə, dəhşətli “Skad” raketlərinin düşdüyü yerdə oldum. Ətrafda heç bir hərbi obyekt yox idi. Mülki insanları terrorla məhv edən bir silah idi. Bu payız Gəncədə baş verənlər Xocalının davamıdır. Bu, beynəlxalq səviyyədə Rusiya, Ermənistan və Avropada layiqincə qiymətləndirilənə qədər davam edəcək.

Hörmətli azərbaycanlılar, biz, rus xalqının nümayəndələri və dünyanın ağlı başında olan insanları nasizm və irqçiliyə qarşı mübarizədə sizinləyik. Xocalı soyqırımının ildönümü sadəcə matəm günü deyil, eyni zamanda mübarizəmizin davamıdır. II Qarabağ müharibəsi təkcə torpaqları işğaldan azad etmək deyil, eyni zamanda vaxtilə babalarımızın da uğrunda vuruşduğu nasistlərə qarşı müharibə idi. Təəssüf ki, bu gün Rusiyada ikili standartlar mövcuddur. Bəzi azərbaycanlı jurnalistlər bu məsələdəki prinsipial mövqeyi səbəbindən iş yerlərini itirirlər. Millət vəkili Vitali Milonov açıq şəkildə Azərbaycan xalqını təhqir edir, nasizm açıqlamaları verir. Lakin Rusiyanın özündə heç bir qınama görmürük”.

M.Şevçenko Xocalı faciəsinin nasistlər tərəfindən törədilmiş bir hərbi cinayət olduğunu da vurğulayıb:

“Bunu etnik təmizləmə məqsədi ilə ediblər. Bu cür cinayətlərə Nürnberq tribunalında baxılır. Xocalı soyqırımını qiymətləndirmək lazımdır. Hesab edirəm ki, bunu beynəlxalq səviyyədə etmək lazımdır. Bu, Ermənistan-Azərbaycan məsələsi deyil. Əminəm ki, gələcəkdə bir çox erməni təfərrüatı öyrəndikdən sonra Xocalı faciəsini nifrət hissi ilə xatırlayacaq. Düşünürəm ki, erməni xalqı nasistlərin Xocalıda etdiklərini öyrəndikdən sonra bu qüvvələrdən imtina edəcəklər. Buna görə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olana qədər bu faciəni hər gün xatırlamalıyıq. Bu, ermənilərə qarşı deyil, azərbaycanlıların lehinə də deyil, nasistliyə, insanlığa və ədalətə qarşıdır”.