Türkiyənin Gazi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorantura səviyyəsində təhsil alan azərbaycanlı gənc Nəzrin Əlizadə Trendyol onlayn mağazasının rəhbərliyinə müraciət edərək öz etirazını bildirib.
Azərbaycanlı gəncin etirazına səbəb onlayn mağazada qondarma “Dağlıq Qarabağ” bayrağının satılması olub. N.Əlizadə deyir: “”Trendyol”dan onlayn alış-veriş etmək üçün mağazanın saytına daxil oldum. Mağazada Ermənistan bayrağının satılıb-satılmaması ilə maraqlanmaq istədim.
http://Bayraksepeti.com linkinə daxil olub axtarış bölməsinə “Dağlıq Qarabağ” yazdım. Qarşıma çıxan mənzərəni görəndə təəccübləndim. Satılan bayraqlar sırasında qondarma erməni bayrağı da var idi. Həmin dəqiqə Ankaradan Bursa ilə telefon əlaqəsi saxladım. Türkiyəyə məxsus bir mağazada qondarma “Dağlıq Qarabağ” bayrağının satılmasının iki qardaş ölkənin münasibətlərinə zidd olduğunu deyib öz iradımı qəti şəkildə bildirdim. Mağaza rəhbərliyi üzr istəyərək sözügedən bayrağın satışdan qaldırılacağını dedi. Mənsə cavabında “Məgər siz sosial şəbəkələri, mətbuatı, televiziyanı izləmirsiniz? sualını verdim”.
Nəzrin Əlizadə bildirir ki, mənim etirazımın ardından digər azərbaycanlı və türkiyəli dostlarım da Trendyola zəng vuraraq etirazlarını kəskin şəkildə bildirdilər. Gənc fəal deyir: “Vətəndən uzaqda olmağımıza baxmayaraq arxa cəbhədə şanlı Ordumuza əlimizdən gəldiyi qədər dəstək oluruq. Burada bütün türk dövlətlərindən olan gənclərlə birgə “Türk Dünyası” qrupumuz da var. Təkcə azərbaycanlılar, Türkiyədə yaşayan türklər deyil, o cümlədən bütün türk dövlətlərindən olan gənclər Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün dəstək göstərirlər, informasiya müharibəsində fəal iştirak edirlər. Bir azərbaycanlı gənc kimi Vətənimə dəstək olan dostlarımla qürur duyuram. Ən tez zamanda müzəffər Ordumuzun qələbə xəbərini alacağımıza əminik”.