Azərbaycandan olan bir qrup deputat Moldovada prezident seçkilərini müşahidə edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, Milli Məclisin bir qrup deputatı Moldovada noyabrın 1-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 29-da ölkənin paytaxtı Kişinyov şəhərinə səfər edəcək.
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində, millət vəkili Ramin Məmmədov isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.
Azərbaycanlı deputatlar müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişini izləyəcəklər.
Səfər noyabrın 3-də başa çatacaq.