Azərbaycanlı deputat avropalı həmkarlarını islamofobiyaya qarşı birgə mübarizə aparmağa çağırıb

0
188

Fobiyanın hər bir növü xəstəlikdir. Xalqlara, irqlərə, dinlərə qarşı olan fobiyalar isə artıq cəmiyyət xəstəliyidir və çox təhlükəlidir. İslamofobiya ilə bağlı müzakirələr Avropa Şurasında son 20 ilə yaxın müddətdə dəfələrlə keçirilib və belə fikir mübadilələrini zəruri edən vəziyyətin varlığı artıq ciddi narahatlıq doğurur.

Bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun payız sessiyasında “Avropada islamofobiya və antimüsəlman irqçiliyi ilə bağlı maarifləndirmə və islamofobiyaya qarşı mübarizə” adlı məruzənin müzakirələri zamanı söyləyib. Bildirib ki, irqçiliyin cəmiyyətdə dərin qarşıdurma yaratmağa hesablanmış məqamları son dərəcə genişdir. Dünyada təqribən 1 milyard 720 milyona yaxın müsəlman varsa və onlar 120-dən çox ölkədə yaşayırlarsa, bu rəqəmlər artıq islamofobiyanın miqyasının nə qədər geniş olmasına dəlalət edir.

“Hər xalqın öz dilində salamlaşması var. Ancaq müsəlmanlarının hamısının ortaq salamlaşması var. Başqası ilə görüşəndə ilk olaraq həmin sözü dilə gətirilər – “Salam!”. Bu sözün mənası “Sənə sülh diləyirəm!” deməkdir. Qarşısına çıxan insana əvvəl sülh, əmin-amanlıq arzulayan bir inanc sistemi hər hansı fobiyalar üçün əsas verə bilərmi? Əslində böyük dinlərin hər birinin mahiyyətində insanlar arasında sevgini, dostluğu, anlaşmanı təşviq edən niyyət dayanır. Bu gün baş verənlər bu niyyətləri əks etdirmirsə, bu, artıq səhv siyasətin, mənfi qüvvələrin günahıdır”, – deyə R.Hüseynov qeyd edib.

Diqqətə çatdırıb ki, bu gün – iyirmi birinci əsrin üçüncü onilliyinin başlanğıcında Avropa Şurasının rəsmi məruzəsində qitədə islamofobiya əlamətlərinin mütəmadi olaraq və xüsusilə də, son illərdə kəskin şəkildə artmasından həyəcanla danışılması statistika və təhlillərə əsaslanan acı həqiqətin təsdiqidir.

Azərbaycanlı deputat vurğulayıb ki, Avropada daha sabit və rahat həyat, daha mehriban birgəyaşayış naminə anti-islam rasizminə və ayrı-seçkiliyə zəmin yaradan köklü səbəblər aradan qaldırılmalı, mənfi təmayüllərə qarşı mübarizə daha qətiyyətlə aparılmalıdır. Əslində, müəyyən mənfi qüvvələr çalışıb “köklü səbəblər” təsəvvürünü yaradırlar. Dünyada ciddi əks-səda oyadan hər bir anti-islam hərəkətlərin, eləcə də onların ardınca baş verən və müsəlmanlarla əlaqələndirilən terror aktlarının ardında eyni şər qüvvələr dayanır. İslamofobiyaya qarşı mübarizənin təsirli olması, Avropa Şurası kimi təşkilatların tribunalarından çağırışların eşidilməsi, görüləcək tədbirlərin müsbət nəticəsi olması üçün hədəf düz seçilməli və belə təzahürlərə, eləcə də səbəb və səbəbkarlara qarşı mübarizə gücləndirilməlidir.

R.Hüseynov bu istiqamətdə ortaq qanunvericilik bazasının təkmilləşdirilməsinin, müsəlmanların Avropa ailəsinin doğma üzvü olması ilə bağlı fikirlərin dərsliklərə salınmasının vacibliyini vurğulayıb. O, Avropanı və dünyanı fobiya yaradanlardan və fobiyadan qurtarmaq üçün birgə mübarizə aparmağa çağırıb.