Azərbaycanlı avtoritetin yas mərasiminə basqın: Həbslər…

0
690

Rusiyanın Sverdlovsk vilayətində ötən gün – iyunun 5-də azərbaycanlı kriminal avtoritet Vaqif Güləhməd oğlu Sultanovun yas mərasiminə xüsusi təyinatlılar basqın edib.

Vaqif Sultanov ötən gün dəfn olunub və kriminal aləmin çoxsaylı nümayəndələri, habelə regiondakı azərbaycanlı icmasının üzvləri onun “Komfort” kafesində təşkil olunan yas mərasiminə toplaşıblar. Bu vaxt Sverdlovsk vilayəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maskalıları kafeyə basqın edib və 30 kriminal avtoriteti saxlayıb. Saxlanılanlar polis bölməsinə aparılıb.

Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə İdarəsinin mətbuat katibi Valeri Qorelıx deyib ki, yas mərasiminə reyd profilaktik xarakter daşıyırdı. Onun sözlərinə görə, reyd Rusiya Qvardiyasının xüsusi təyinatlılarının dəstəyi ilə keçirilib.

“Kriminal aləmin nümayəndələri və onların yaxınları bilməlidir ki, Şimali Uralda bir qüvvə var, o da DİN, FTX, Rusqvardiya və İstintaq Komitəsi”, – Qorelıx bildirib.

Məlumata görə, saxlanılanların bir çoxu artıq buraxılb. Güc strukturlarındakı mənbə deyib ki, üzərlərində silah və qadağan edilmiş preparatlar aşkar edilməyənlər profilaktik söhbətdən sonra buraxılacaqlar.