Azərbaycanlı alimdən koronavirusla bağlı mühüm açıqlama

0
373
Köln Universiteti Klinikasının azərbaycanlı tibb elmləri doktoru Nuran Abdullayevin COVID-19-la bağlı müsahibəsini təqdim edirik:
 
– Niyə görə düşünürsünüz ki, virusa yoluxmaq qaçılmazdır. Virusdan qorunmağa hansı tədbirlər kömək edir? 
– Artıq elmi araşdırmalarla təsdiq olunub ki, virus yayılan ölkələrdə əhalinin təxminən 50-60%-in virusa yoluxacağı qaçılmazdır. Bu ölkələr sırasına təbii ki, Azərbaycan da daxildir. Sual oluna bilər ki, niyə məhz bu qədər? Belə ki, epidemioloji perspektivdən baxılarkın ən vacib faktor yoluxdurma əmsalıdır, bu əmsal bir nəfərin neçə nəfəri yoluxdura bilməsidir ki, bu da COVİD-19 virusunda ortalama 3 götürülür. Deməli ölkədə heç bir virusa qarşı mübarizə tədbiri görülməzsə yoluxdurma əmsalı 3 olaraq qalsa ölkənin 90 %-i virusa yoluxur və ölkələri ən çox narahat edəcək problem (səhiyyə sisteminin yüklənməsi, məsələn İtaliya) – eyni zaman çərçivəsində xəstələnənlərin maksimum sayı 30 % təşkil edir ki, bu da xəstəxanaların reanimasiyalarında kifayət qədər yerlərin olmamağına gətirib çıxarda bilər. Əgər mübarizə tədbirləri ilə bu yoluxdurma əmsalı 2-ə salınsa o zaman ölkənin 79 %-i virusa yoluxur və eyni zaman çərçivəsində xəstələnənlərin maksimum sayı 15 % təşkil edir. Yoluxdurma əmsalı 1,5-ə salınsa o zaman ölkənin təxminən 57 %-ə qədəri virusa yoluxur və eyni zaman çərçivəsində xəstələnənlərin maksimum sayı 6 % təşkil edir. Ona görə də bütün ölkələrin məqsədi bu yoluxdurma əmsalını 1-ə endirməkdir ki, əhalinin təxminən 10%-i bu virusa yoluxsun. Amma təəssüflər olsun ki, başqa bir elmi araşdırma göstərir ki, 5 xəstədən 4-də virusun simptomları gizli və ya çox yüngül formada keçir ki, bunu da o xəstələrin özləri hiss etməyə bilər və bu da ilkin mərhələdə ölkələrin virusla mübarizəsini çətinləşdirir və əmsalın 1-ə salınmasının qarşısını alır. Ona görə belə olan məqamda xalqın öncədən və davamlı maarifləndirilməsi çox vacib bir məqamdır ki, onlar özlərini vaxtında müayinə elətdirib gizli daşıyıcı olduqlarını təsdiq elətdirsinlər və buna müvafiq karantinə və izolyasiyaya alınsın.
– Bəs Azərbaycan üçün bu rəqəmlər nə deməkdir? Gizli daşıyıcı qrup insanlar daha çox kimlərdir?
– Azərbaycanda son atılan addımlar onu göstərir ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yarada biləcəyi problemlər birbaşa ölkə başçısının ciddi nəzarətindədir. Son günlər ölkədə atılan bütün profilaktik tədbirlərə nəzər salsaq, həqiqətən, bütün dövlət qurumlarının virusla mübarizədə nəqədər həmrəylik göstərdiklərinin şahidi oluruq ki, bu da bir başa ölkədə yoluxma əmsalının aşağı salınmasına hesablanıb. Bununla da Azərbaycan dövləti virusla mübarizədə Avropa ölkələrindən heç də fərqlənmir. Konkret olaraq rəqəmlərə gəldikdə isə ilk olaraq onu deyə bilərəm ki, təkcə dövlətin mübarizəsi ilə deyil eyni zamanda xalqın iradəsi ilə birgə virusun yayılmasının qarşısı daha çox alınır, daha dəqiq desək yoluxma əmsalını aşağı salmaq mümkün olur. Belə ki, burada da statistik məlumatlara baxsaq görərik ki, əgər insanlar bir biri ilə heç bir sosial məsafə saxlamasa və hər kəs istədiyi kimi hərəkət etsə 80 % – ə qədər yoluxma ola bilər, amma bir tək sosial məsafənin saxlanılması ilə, məsələn əhalinin 1/5-i hərəkət edir və yerdə qalanı evdə qalıb digər insanlarla məsafə saxlaya bilərsə bu rəqəmi 15 % – ə qədər endirmək mümkün olar. Azərbaycan cəmiyyətində isə ən çox gənclərin hərəkətdə olması və ya aktiv sosial kontaktlarının yaşlılara nisbətən çox olmasını nəzərə alsaq, bugünkü gün onların hərəkətinə tamamən məhdudluq qoyulması çox vacib amildir. Belə ki, onlar virus daşıyıcısı olaraq bu virusa yoluxarsa bunu daha da ağır keçirdəcək yaşlı insanlar üçün çox təhlükəli bir yaş qrupları sayılırlar.
– İzolyasiya və karantin tədbirləri dediniz, bunlar Almaniyada necə təşkil olunub və bunların təşkilinin elmi əsası varmı? Bunların təşkilinin virusun yayılmasına təsiri varmı?
– Almaniya təcrübəsində şərq ölkələrinin çoxundan və bəzi qərb ölkələrindən fərqli olaraq klinik vəziyyəti yaxşı olanlar ev şəraitində karantinə alınıb izolyasıya edilir və həkim nəzarətində saxlanılır. Son aparılan elmi təcrübə onu göstərir ki, virusa yoluxanlarla onlarla kontakda olub amma virus daşıyıcılığı hələ neqativ olanların bir arada, yəni məsələn bir ortaq xəstəxana şəraitində karantinə alınması təxminən virusa yoluxmanı həmin insanlar arasında 88% artırır. Buna görə də Almaniyada virusa yoluxub kliniki vəziyyəti yaxşı olanlar və eyni zamanda onlarla kontakda olub amma hələ virusa pozitiv olmayanlar öz ev şəraitlərində məsafədən bir başa həkim nəzarətində karantinə alınır. Əlavə olaraq risk bölgələrindən gələnlərin də izolyasiya və karantinə alınması ev şəraitlərində aparılır ki, bu da virusun yayılmasının qarşısını almağa kömək edir. Bundan başqa virusun yayılmasının önlənməsi tədbirlərinə 2 nəfərdən çox insanın bir araya toplaşmasının qarşısının alınması da aiddir. Bütün bu görülən tədbirlərdən sonra fərqli bölgələrdə virusun test edilməsi üçün bir neçə kiçik test mərkəzləri yaradılması virusun gizli daşıyıcılarının tapılmasına və qarşısını almaq üçün görüləcək izolyasiya tədbirlərinə kömək edir ki, bu da bir başa yoluxmanın sayını azaldacaq.