Azərbaycanla Ermənistan arasında yeni savaşla bağlı iddia: Yanlış rəyi kimlər yayır?

0
694

Rəsmi Bakının dəfələrlə təkzib etməsinə rəğmən Qərb KİV-lərində Azərbaycanın Ermənistana müdaxilə edəcəyi iddiası dövriyyədə saxlanılır.

“Eurasiareview” elektron nəşrində Coşua Kuçeranın müəllif olduğu yazıda yeni müharibənin labüdlüyü ölkədə birləşdirici, səfərbəredici milli ideologiyanın yoxluğu ilə əlaqələndirilir. “Ölkədə yeganə birləşdirici səfərbəredici ideologiya ermənilərin düşmən olmasıdır. Siz insanları səfərbər etmisiniz və insanların tərxis olunmasından əsər-əlamət yoxdur. Ona görə də yalnız başlanmış işə davam etmək vəsvəsəsi var”, – deyə “Carnegie Europe”un analitiki Tomas de Vaal bildirir.

Bu qərəzli fikir azərbaycanlı ekspertlər tərəfindən də təsdiqlənir. Bakı Elmi-Tədqiqat İnstitutunun analitik mərkəzinin rəhbəri Altay Göyüşov bildirir ki, sülhdən danışılsa da, bütün günü televiziya və parlamentdə Zəngəzurdan danışırlar. O iddia edir ki, diplomatik prosesin başa çatmasını hakimiyyət özü istəmir. Loyal Topçubaşov Mərkəzinin qeyri-rezident əməkdaşı Şücaət Əhmədzadə isə bildirib ki, Qarabağ qələbəsinin buraxdığı boşluqda hökumət millətçiliyə arxalanmağa davam edəcək. Bir vaxtlar utopik olan “Qarabağın azad olacağı gün” xülyası ətrafında cəmlənmiş milli kimliyin necə yenidən qurulması sualına dəqiq cavab yoxdur.

“Alkhaleej.ae” nəşri (BƏƏ) isə iddia edir ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpası müvəqqəti ola bilər, Dağlıq Qarabağ uğrunda yüz ildən çox davam edən müharibədə gah bir tərəf, gah digər tərəf qalib olsa da, münaqişə tam həll olunmayıb. Bölgə uğrunda İsrail, İran və Qərb arasında gedən rəqabət də yeni gərginlik mənbəyidir.