Azərbaycanla Ermənistan arasında sülhün qarşısını necə almalı? – İranın məkrli “A, “B”, “C” planı

0
197

Bakı və İrəvanın sülh barədə açıqlamalarına rəğmən qonşu paytaxtlarda hələ də Cənubi Qafqazın gələcəyi ilə bağlı fərqli planlar qurulur. İranlı analitik, ermənipərəst baxışları ilə tez-tez özünü bizim KİV-lərdə yada salan Ehsan Müvəhhədian hesab edir ki, “Dağlıq Qarabağın Azərbaycan tərəfindən “işğalının” sülh gətirməsi ehtimalı azdır:

“Çünki onların planları hələ də Zəngəzur dəhlizinin tikintisi üçün Ermənistanın cənubunda Sünikin (Mehrinin) ələ keçirilməsinə yönəlib. Onlar nəqliyyat infrastrukturu qurublar və Azərbaycan mediasında Ermənistan yerinə “Qərbi Azərbaycan” ifadəsi istifadə olunur. Digər tərəfdən, bu ölkənin hərbi büdcəsi yeni ildə 3 milyard dollardan 4 milyard dollara yüksəlir”.

“A” planı

Müvəhhədian proqnoz verir ki, hər şey Ermənistandakı seçkilərin nəticələrindən asılıdır: “Ermənistanda yarıtmaz elitaya qarşı çıxış edən başqa partiyaların mövcudluğunu görməliyik. Yenidən Paşinyana səs versələr, Azərbaycana Ermənistan ərazisi ilə Naxçıvana bağlanmasına imkan verəcəyi ehtimalı yüksəkdir”.

Amma Müvəhhədian növbəti dəfə İran KİV-lərinin Azərbaycanı Ermənistanın cənubunu işğal etmək istəməsi haqda yalanını təkrar edir və bu zaman Azərbaycan rəhbərliyinin fikirlərini də təhrif edir: ”Cənab Əliyev deyir ki, biz bu bölgədə sərbəst hərəkət etmək istəyirik və Ermənistanın suverenliyi və gömrük qanunları tətbiq edilməməlidir. Ona görə də yol verilərsə, uzunmüddətli perspektivdə cənubdakı Sünik vilayətini itirmək riski yaranacaq”.

“B” planı

Lakin iranlı ekspertin “B” variantı da “A” variantından fərqli deyil-Ermənistan bütün hallarda Süniki itirməyə məhkumdur, İran da buna maneə olmalıdır: “Paşinyana səs verməsələr, Azərbaycan Sünik vilayətini tutmaq və Ermənistan ərazisinin bu hissəsini ələ keçirmək arzusunu reallaşdırmaq üçün yenidən müharibəyə və düşmənçiliyə əl ata bilər. İran vurğulamağa davam etməlidir ki, coğrafi sərhədlər qorunmalı və regionun geosiyasəti toxunulmaz qalmalıdır. Perspektivdə belə iki vəziyyət var, gözləmək lazımdır ki, görək hansı vəziyyət yaranacaq?!”

“C” planı

Digər iranlı ekspert Şüeyb Bəhmən isə əvvəlki şərhlərində olduğu kimi yenə də Rusiyanın bölgədə rolunun azalmasının İran üçün fəsadlarını, rəsmi İrəvanın və Bakının NATO-ya meyillənməsi perspektivini araşdırır. Əvvəlcə 2020-ci il müharibəsinə qədər tərəflər arasında mövcud nisbi güc balansının indi birmənalı şəkildə Bakının xeyrinə dəyişdiyini və bunun sayəsində Azərbaycan praktiki olaraq öz tələblərini bir addım da irəli apara bildiyini qeyd edir. “İrəvan sərhəd blokadasını aradan qaldırmaqla Ermənistanı tranzit qovşağına və ya Ermənistanın baş naziri Nikol Paşinyanın dediyi kimi, “sülh qovşağına” çevirmək üçün Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq arzusundadır. Güc balansının Bakının xeyrinə dəyişməsinə və Azərbaycanın güclü, İrəvanın isə zəif mövqedə olmasına baxmayaraq, Paşinyan hökuməti ərazi məsələsinin yekun həllinə hazırdır və bu, onun problemlərə son qoymaq əzmini göstərir. Bu səbəbdən həm Azərbaycan, həm də Ermənistan daimi sülhə nail olmaq üçün böyük səylər göstərdilər, bəzilərinə Rusiyanın vasitəçiliyi ilə nail olundu, lakin zaman keçdikcə və Rusiyanın bölgədəki rolunun azalması ilə əslində öz rolunu oynayan avropalılar oldu”-deyə ekspert qeyd edir..

Onun qənaətinə görə, II Qarabağ müharibəsi ilə müqayisədə Rusiyada mövcud vəziyyət xeyli dərəcədə zəifləyib və Qərb regionda daha böyük təsir imkanları əldə edib. Bakı ilə İrəvan arasında sülh sazişi Qərb orbitindən gələrsə, Rusiyanın Qafqazda rolunun xeyli azalacağını söyləmək olar; Çünki bu sazişin Qərb kanalından keçməsi Ermənistan və Azərbaycanı Avro-Atlantik strukturlara yaxınlaşdıra bilər və çox güman ki, iki ölkə arasında problem həll olunarsa, onlar NATO üzvlüyünə namizəd olacaqlar. Tehran mümkün qədər bu perspektivə mane olmalı və fərqli ssenarilərə hazır olmalıdır.

Hindistanın “Usanas Foundation” düşüncə mərkəzi də Azərbaycan və Ermənistan arasında sülh danışıqları haqda təhlil yayıb. Təhlildə diqqət ona yönəldilir ki, iki ölkə arasında sülhün bərqərar edilməsinə dair son razılaşma üçüncü tərəfin müdaxiləsi və ya vasitəçiliyi olmadan əldə edilib. Mərkəzin təhlilində bildirilir ki, Ermənistan və Azərbaycan arasında sülh bəzi ölkələr tərəfindən birtərəfli qaydada region ölkələri arasında konsensusla oxşar iqtisadi təşəbbüslərə gətirib çıxaracaq. “Danışıqlarda uğur qazanılsa, ölkələr biri-birinin ərazi bütövlüyünə qarşılıqlı hörmət etsə, bir-birinin daxili işlərinə qarışmasa, köçkünlərin miqrasiya və geri qayıtması üçün imkanlar yaratsa, ikitərəfli əlaqələr qursa, Azərbaycan və Ermənistan arasında sülh sabitlik modeli kimi xarakterizə edilə bilər”.