Azərbaycanın yeni hərbi obyektləri istifadəyə verildi – FOTO/VİDEO

0
300

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ordumuzda həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində yeni inşa edilmiş və əsaslı təmir olunmuş hərbi obyektlər istifadəyə verilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə nazirinin müavinləri, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev təlim hərbi hissəsində və mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölmələrinin birində olublar.

Məruzə olunub ki, hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təchiz edilib. Burada ideoloji sinif, xidməti, məişət və silah otaqları, eləcə də dəftərxana, yataqxana, yeməkxana və sanitar qovşağı mövcuddur. Mətbəxdə sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla dadlı, keyfiyyətli və isti yeməklər hazırlanır. Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirməsi və gənc əsgərlərin valideynləri ilə görüşməsi üçün şərait yaradılıb.

Texnikalara qulluq göstərilməsi üçün hərbi hissənin ərazisində inşa edilən texniki xidmət və təmir məntəqəsində görülən işlərlə tanış olan nazir müavinləri texniki xidmət zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi barədə əlavə göstərişlər veriblər.

Sonda nazir müavinləri ərzaq anbarının yeni inşa edilmiş qərargah binası və bölmənin qoşqulu mətbəxinə baxış keçirib, xidmətin yüksək səviyyədə təşkili və aparılması ilə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını çatdırıblar.