Azərbaycanın xaricdə ən çox tələb olunan qeyri-neft məhsulları məlum oldu – FOTO

0
334

2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 2,7 milyard ABŞ dolları olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında məlumat verilib. 

Qeyri-neft sektoru üzrə 2020-ci il ilə müqayisədə ixrac 870 milyon ABŞ dolları və ya 47,2 faiz artıb.

2021-ci ildə meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 milyon ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövrdə pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı iki dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2 faiz, pambıq lifi ixracı 58,3 faiz, şəkər ixracı isə 19,3 faiz artıb.

2021-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (208 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (202,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (160,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Müvafiq dövrdə Rusiya Federasiyasına 877,8 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 224,1 milyon ABŞ dolları, Gürcüstana 157,5  milyon ABŞ dolları və Amerika Birləşmiş Ştatlarına isə 74,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Dekabr ayı üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 73,9 faiz təşkil etməklə 353,6 milyon ABŞ dolları olub. 2021-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 38,7 faiz artaraq 101,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 93,7 faiz artaraq 252,1 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (114 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (89,8 milyon ABŞ dolları), İsveçrə isə üçüncü (19,5 milyon ABŞ dolları) olub.

2021-ci ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (34,4 milyon ABŞ dolları) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (26,9 milyon ABŞ dolları) ikinci, karbamid (25,1 milyon ABŞ dolları) isə üçüncü olub.