Azərbaycanın xalq artisti doğum günündə insult keçirərək reanimasiyaya yerləşdirilib

0
545

Tanınmış rejissor, xalq artisti Ağakişi Kazımov xəstəxanaya yerləşdirilib.

Bu barədə sənətçinin həyat yoldaşı, əməkdar artist Mehriban Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, A.Kazımov insult keçirib və hazırda 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında reanimasiyada müalicə olunur:

“Ötən il noyabrın 28-də ad günündə yıxıldı. Ondan sonra xəbərimiz olmayıb və yüngül insult keçiribmiş. Elə o vaxtdan vəziyyəti pisləşməyə başladı. Hiss olunurdu ki, səhhətində problemlər yaranıb. Nəhayət, dekabrın 13-də vəziyyətinin daha da ağırlaşdığını gördüm və təcili yardım vasitəsilə xəstəxanaya apardıq. Ayın 30-da evə gətirsək də, ev şəraitində müalicəsi alınmadı. Yanvarın 1-də Binəqədi rayonunda yerləşən 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına apardıq. Hazırda reanimasiyadadır. İnsult keçirəndən sonra ağciyərində pnevmaniya da aşkarlanıb deyə, vəziyyəti yaxşı deyil. Yanından durub heç yerə gedə bilmirəm, bütün günü xəstəxanadayam. Köməyə ehtiyacımız var”.

Qeyd edək ki, Ağakişi Kazımov 1935-ci il noyabrın 28-də Ağcabədi rayonunda anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. A.Kazımov 1960-cı ildə Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib. 1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin “Duel” dramını, diplom işi kimi isə C.Cabbarlının “Aydın” əsərini tatarca hazırlayıb.

1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.

Ağakişi Kazımovun quruluşunda “Darıxma, ana!” (N.Dumbadze), “Qəribə oğlan”, “Büllur sarayda” (İ.Əfəndiyev), “Mirzə Şəfi” (N.Xəzri), “Sehrli alma” (Y.Lada), “Çahargah fantaziyası” (K.Kərimov), “Od gəlini” (C.Cabbarlı), “Vaqif” (S.Vurğun), “Özümüzü kəsən qılınc”, “Dar ağacı”, “Rəqabət”, “İkinci səs” (B.Vahabzadə) və s. tamaşalar Azərbaycan səhnəsində dəfələrlə uğurla nümayiş etdirilib.

Qazandığı sənət uğurlarına görə A.Kazımov 1987-ci ildə əməkdar incəsənət xadimi, 2000-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.