Ötən ildə Türkiyədən idxal olunan mal kateqoriyalarında əsas yeri 15 faizlə maşın və mexaniki alətlər (251 milyon dollar) tutub.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Aminə Bayramova deyib.
Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir:
“Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşı olmaqla, Azərbaycanın xarici ticarət dövriyyəsində və ixracında 2015-ci ildən, idxal əməliyyatlarında isə 2013-cü ildən etibarən 2-ci yerdədir.
Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir. İdxal-ixrac dinamikasının tərkibinə nəzər salaq. Türkiyənin Azərbaycanın mal idxalında payı 2008-2019-cu illərdə 11,3 faiz – 15,8 faiz arasında dəyişməklə, orta hesabla 13,5 faiz təşkil edib.
2019-cu ildə bu ölkənin Azərbaycanın idxalında payı 1,6 milyard ABŞ dolları olmaqla 12 faiz təşkil edib. Türkiyədən idxalda əmtəə çeşidliliyi aydın müşahidə olunur.
Ötən ildə Türkiyədən idxal olunan mal kateqoriyalarında əsas yeri 15 faizlə maşın və mexaniki alətlər (251 milyon dollar) tutub.
İdxalda növbəti yerlərdə dəmir və polad (7 faiz, 120 milyon dollar), dəmiryol və tramvay istisna olmaqla nəqliyyat vasitələri (7 faiz, 118 milyon dollar), elektrik avadanlıqları (7 faiz, 116 milyon dollar) qərarlaşıb.
Türkiyənin Azərbaycanın mal ixracında payı 2008-2019-cu illərdə 0,7 faiz – 14,16 faiz arasında dəyişməklə, 2019-cu ildə 2,9 milyard ABŞ dollarına yüksələrək Türkiyədən idxalı üstələyib.
Türkiyəyə ümumi ixracda əsas yeri neft-qaz əmtəə kateqoriyası tutur. Bu göstərici 2,5 milyard dollar olmaqla 2019-cu ildə Türkiyəyə mal ixracının 88 faizini təşkil edib.
Türkiyəyə ixracda neft-qaz sektorunun payının kəskin artımı 2015-ci ildən müşahidə edilməyə başlayıb (2014-cü il 56 faiz, 2015-ci il 90 faiz). Məhz bu ildən etibarən idxal-ixrac balansı Azərbaycanın xeyrinə dəyişib.
2015-ci ildə Azərbaycanın Türkiyəyə neft-qaz ixracı 1,3 milyard dollar təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 4,72 dəfə çoxdur. Qeyri-neft sektorunda isə 2019-cu ildə əsas mal kateqoriyalarını pambıq (5 faiz, 129 milyon dollar), plastik və polimerlər (2 faiz, 64 milyon dollar), alüminium və məmulatları (2 faiz, 56 milyon dollar) təşkil edib.
Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyənin payı son illərdə getdikcə artır. Belə ki, 2012-2014-cü illər arasında bu göstərici sabit olaraq 6 faiz təşkil edib, 2015-ci ildə isə 12 faizə yüksəlib.
Bu proses də 2015-ci ildən etibarən Türkiyəyə neft-qaz ixracının artması ilə əlaqəli olub. 2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4,5 milyard dollar təşkil etməklə 14 faiz yer tutub.