Azərbaycanın sülhməramlıları Əfqanıstana “ƏLVİDA” deyir – TARİX

0
289

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan ordusunun sülhməramlıları Əfqanıstandan çıxarılır.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçinin Əfqanıstandan çıxarılması gözlənilir.

“Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Azərbaycan ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən, sülhməramlı əməliyyatlarda iştirak etməkdədir.

Belə ki, 1999-cu ilin sentyabrından 2008-ci ilin martınadək Azərbaycan ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (1 zabit, 1 gizir və 32 əsgər) NATO-nun rəhbərliyi altında Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə keçirilən əməliyyatlarda iştirak edib.

Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb. Brod yaşayış məntəqəsi sözügedən taqıma cavabdehlik ərazisi kimi təhkim edilib.
Bu müddət ərzində Azərbaycandan Kosovoda 362 hərbi qulluqçu, o cümlədən 10 zabit, 7 gizir, 345 əsgər sülhməramlı missiyasında iştirak edib.

2008-ci ilin aprelində Kosovo Respublikasının müstəqilliyinin birtərəfli elan olunması ilə əlaqədar taqım tam heyətlə Kosovo bölgəsindən geri çağırılıb. 

İraq Respublikası

BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarının tətbiqi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı bölüyü 2003-cü il 15 avqustundan 2008-ci ilin dekabrın 7-dək 151 nəfərlik şəxsi heyətlə (15 zabit, 16 gizir, 120 əsgər) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində xidmət edib.

Missiya dövründə İraqın Əl-Hədisə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadası Komandanlığı tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirən bölük, Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 2008-ci ilin dekabrında missiyasını yekunlaşdıraraq geri qayıdıb.

“Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri” Missiyası

2002-ci il noyabrın 20-dən Azərbaycan ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.

2008-ci ilin 15 noyabrında Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb.

2009-cu ilin 2 oktyabrında Azərbaycan Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib.

2009-cu ilin fevralında Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və patrul xidmətini həyata keçirib.

2010-cu il 5 oktyabrında Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.

“Qətiyyətli Dəstək” Missiyası

2015-ci ilin yanvarın 1-dən etibarən, Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 2018-ci il 9 noyabrından missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb.

Missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da icra edirdi.

Cənubi Sudan

Azərbaycan Ordusu 2019-cu ilin yanvar ayında BMT-nin Cənubi Sudan Respublikasında keçirdiyi Sülhməramlı Missiyaya (UNMISS) qoşulub.

Azərbaycan ordusu Missiyaya illik rotasiya qaydasında BMT hərbi müşahidəçisi qismində fəaliyyət göstərən 2 zabitlə töhfə verir.