“İndiki çox həssas şəraitdə Ermənistanın gərginliyi artırmaq cəhdləri qbuledilməzdir və o addımların sərt qarşılığı olacaq”.
Bu fikirləri Ermənistanın son günlər Azərbaycanla sərhəddə əl atdığı təxribatları və belə pozucu addımların səbəblərini dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistan mövcud situasiyada gərginliyin artırılması yönündə məqsədli fəaliyyətini davam etdirəcək:
“Ermənistan antiterror əməliyyatından sonra müəyyən beynəlxalq təşkilatları Azərbaycanın üzərinə yönəltməyə çalışır. Delimitasiya komissiyalarının görüşündən bir gün sonra Ermənistan rəsmiləri bəyan etdilər ki, Azərbaycan tərəfdən açılan atəş nəticəsində erməni hərbçi həlak olub.
Azərbaycan isə Ermənistanın bu iddiasını birmənalı rədd edən bəyanat verdi. Görünən budur ki, indiki şəraitdə Ermənistan dünya ictimaiyətini Azərbaycan əleyhinə yönləndirmək üçün bütün imkanlardan istifadə edəcək. Bu əlbətdə ki gərginliyin daha da artmasına xidmət edən fəaliyyətdir.
Qazaxda yeddi, Naxçıvanda isə bir kəndimiz hələ də işğal altındadır. Əgər həmin kəndlərin azad edilməsi danışıqlar yolu ilə baş tutmasa, Azərbaycanın bu məqsədlə növbəti antiterror əməliyyatına başlaması çox realdır. İndiki çox həssas şəraitdə Ermənistanın gərginliyi artırmaq cəhdləri qəbuledilməzdir və o addımların sərt qarşılığı olacaq”.