Bu gün Azərbaycanın “Şöhrət” ordenli Xalq şairi Balaş Azəroğlunun doğum günüdür. Şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921, Bakı – 24.04.2011, Bakı) – orta təhsilini Bakıda alıb. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərərək vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf edib. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərib, qəlbində ədəbiyyata olan böyük sevgisini oyadıb.
Şair mətbuatda ilk dəfə “Dnepr” şeiri ilə çıxış edib (1937, Bakı).
Balaş Azəroğlu 1938-ci ildə ailəsi ilə birgə Güney Azərbaycanın Ərdəbil şəhərinə köçdüyü üçün təhsilini burada fars ibtidai məktəbində davam etdirib. 1941-ci ildə Güney Azərbaycan Milli azadlıq hərəkatına qoşulan Balaş Azəroğlunun yaradıcılığında siyasi lirika ön plana keçib. O, İran Xalq Partiyasına daxil olub (1942), fəal ictimai-siyasi mövqe nümayiş etdirib. Bir ictimai-siyasi qurumun mətbu orqanı olan “Yumruq” qəzetinin redaktoru olub.
“Vətən yolunda” qəzeti redaksiyasının müsabiqəsində “Səttarxan” şeirinə görə mükafata layiq görülən Balaş Azəroğlu, Azərbaycan Demokratik Firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, “Cövdət” qəzetinin redaktoru, “Şairlər məclisi”nin Ərdəbil şöbəsinin başçısı olub (1943–1945). Sonra Təbrizdə Milli hökumət tərəfindən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunub, eləcə də, Yazıçılar və Şairlər Cəmiyyəti İdarə heyətinin üzvü seçilib (1946).
Şairin Ərdəbildə və Təbrizdə ilk şeir kitabları (1943, 1945) dərc olunub.
Balaş Azəroğlu 1947–1952-ci illərdə Bakıda ADU-nun (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. Eyni zamanda, Güney Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində çalışıb. Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin (ADF MK) orqanı olan “Azərbaycan” qəzeti redaksiyasında ədəbi-bədii şöbənin müdiri (1948–1953), sonra məsul redaktor (1953–1956), ADF MK-da təbliğat şöbəsinin müdiri (1956–1958) işləyib; daha sonra ADF MK-nın sədr müavini (1959–1963) seçilib.1963-1982-ci illərdə Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər ədəbiyyatı” şöbəsinin baş elmi işçisi işləyən şair, 1981–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının (indiki AYB) katibi vəzifəsində çalışıb. Sonrakı illərdə AYB-nin Güney Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri təyin olunub, AYB Ağsaqqallar Şurasının üzvü seçilib (1991). Şair həmçinin İranlı Siyasi mühacirlər Cəmiyyəti Azərbaycan şöbəsi Rəyasət heyətinin üzvü olub. Balaş Azəroğlu çoxcildlik “Azərbaycan ədəbiyyatı”nın müəlliflərindən biri olub. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını, Füzulinin bir sıra qəzəllərini farscadan dilimizə çevirib. Şəhriyarın farsca yazdığı əsərlərdən də bir neçəsini dilimizə çevirib.
Şairin “Seçilmiş əsərləri” ərəb qrafikalı əlifba ilə 1996-cı ildə Tehranda günü zü görüb.Əsərləri bir sıra dillərə çevrilərək, yayınlanıb.
Balaş Azəroğlu “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri ilə, “21 Azər”, “Firdovsi” və digər medallarla, Azərbaycan Ali Soveti Rəyasət heyətinin “Fəxri fərman”ı ilə təltif edilib (iki dəfə – 1960, 1971-ci illərdə), -17.03.1997-ci ildə isə müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib.
Balaş Azəroğlunun həyat yoldaşı da məşhur şair idi. – Mədinə Gülgün (17.01.1926, Bakı – 17.02.1991, Bakı) Azərbaycanın Əməkdar incəsənət xadimi idi.
HƏR İKİ ŞAİRİMİZİN RUHU ŞAD OLSUN!