Azərbaycanın işğal olunmuş ərazilərində dini və tarixi-mədəni irsin məhv edilməsi yolverilməzdir

0
612

İraqın nüfuzlu “Non” qəzetində və nəşrin elektron resursunda Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Nəsir Məmmədovun “Azərbaycanın işğal olunmuş ərazilərində dini və tarixi-mədəni irsin məhv edilməsi yolverilməzdir” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 30 ilə yaxındır Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib və faciə nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə işgəncə verilərək vəhşicəsinə qətlə yetirilib. Xocalı qətliamı dünyanın 10-dan çox ölkəsi tərəfindən məhz soyqırımı kimi tanınıb.
Bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaşı minilliklərlə ölçülən bütün tarixi abidələr, məscidlər, məzarlıqlar, müqəddəs ocaqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi-mənəvi sərvətlər talan edilib. Ermənistan işğal olunmuş ərazilərdə məqsədli şəkildə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir.
İşğal altındakı İslam dininə aid abidələr, o cümlədən mədəniyyət abidələri dağıdılıb, təhqir olunub. Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi-dini abidələrə qarşı törətdikləri saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının, “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.
Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən maddi mədəniyyət nümunələri sırasında 367 tarixi abidə, 67 məscid, 140 ziyarətgah, 140 isə məbədlərdir. Bu abidələr erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib və bununla da Azərbaycan xalqının milli-mənəvi yaddaşına güclü zərbə vurulub. Təbii ki, Azərbaycan dövləti bu işğalla barışa bilməz və öz mövqeyini ən müxtəlif səviyyələrdə bildirib.
Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus maddi-mədəni irsi məhv etməsi yalnız Azərbaycana qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır.
Vurğulanır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa Şurasının Parlament Assambleyasının, Qoşulmama Hərəkatının və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymayan Ermənistan dünya ictimaiyyəti tərəfindən bu işğalçı siyasətindən əl çəkməyə məcbur edilməlidir.