Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2021-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib.
Ərizənin hazırlanmasına beynəlxalq hüquq aləmində tanınmış ekspertlər və Azərbaycan Respublikasının aparıcı hüquqşünasları cəlb olunublar.
Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və yeddi ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür.
Bununla yanaşı, 2020-ci ilin iyul ayında Ermənistan Respublikasının silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan hüquqlarının pozulmasına dair faktlar da ərizədə öz əksini tapıb.
Azərbaycan Respublikasının şanlı Qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutması, bunun nəticəsində 93 şəxsin, o cümlədən 12 uşağın və 28 qadının həlak olması, 423 şəxsin, o cümlədən 51 uşağın və 104 qadının yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılır.
Ərizədə, həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə-yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum edildiyi vurğulanır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilmiş sənəddə vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün Ermənistandan zəruri tədbirlərin görülməsi tələb olunur.