Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 8 milyon 400 min manatlıq dərman istehsal olunub. Bu göstərici 2022-ci illə müqayisədə 7.2 faiz çox olub. 2024-cü il yanvar ayının 1-ə olan məlumata görə, Azərbaycanın hazır dərman məhsul ehtiyatı 270 min manat təşkil edir. Bu göstəricilər Azərbaycan üçün nə dərəcədə uğurludur? Ölkəmizin öz dərman tələbatını ödəməsi üçün hansı imkanlar var, hansı işlər görülür? Dərman tələbatımızın ödənilməsində hansı xarici ölkələrdən asılıyıq? Ölkədə dərman sənayəesinin inkişafında üzləşdiyimiz problemlər, qarşıya qoyulan hədəflər nədən ibarətdir?
Mövzu ilə bağlı Medianews.az-a danışan “Əczaçılar Klubu” İctimai Birliyinin sədri, əczaçı Şövqi Bünyadov bildirib ki, Azərbaycanda dərman sahəsində yerli istehsal tələbatın heç 08-09 faizini təşkil etmir.
Əczaçının sözlərinə görə, əgər bir ölkə öz tələbatının 25 faizi qədər məhsul istehsal edə bilmirsə, deməli o sahə üzrə xaricdən asılı vəziyyətdədir: “2023-cü ildə Azərbaycanda 8 milyon 400 min manatlıq dərman istehsal olunması barədə məlumat Dövlət Statistika Komitəsinə məxsusdursa, deməli bu informasiyanı doğru olaraq qəbul etməliyik. Əgər burada qida əlavələri yox, ancaq dərman preparatları nəzərdə tutulursa, demək ki, tərpəniş var. Amma bir neçə rəqəm də mən deyim. Azərbaycanın dərman tələbatı illik olaraq təxminən 1 milyard 250 milyon manat bilinir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, yerli istehsal tələbatın heç 08-09 faizi qədər etmir. Əgər ölkə öz tələbatının 25 faizi qədər məhsul istehsal edə bilmirsə, deməli o sahə üzrə xaricdən asılı vəziyyətdədir”.
Ş.Bünyadov vurğulayıb ki, Azərbaycanın dərman sahəsinin xaricdən asılı vəziyyətdə olmasını pandemiya dönəmi bir daha ortaya çıxarıb: “Elementar dərmanlar belə, tapılmadı. Ehtiyatda olan dərmanlar isə boşluğu doldura bilmədi. Yəni, kifayət qədər ehtiyatımız yox idi. Ona görə də ölkəmizin öz dərman tələbatını ödəməsi üçün müəyyən işlər görülür. Yerli istehsalın yaradılması üçün dövlət tərəfindən böyük tədbirlər həyata keçirilir. Pirallahı Sənaye Parkı, Ələt Azad Ticarət Zonasında rezidentlik alan, dərman istehsalı ilə məşğul olacaq şirkətlərə edilən böyük güzəştlər də buna misaldır. Dövlət yerli istehsalın yaradılmasında maraqlıdır və nə lazımdırsa edir. Artıq bir neçə xarici şirkətlərlə müqavilələr bağlanıb və onlar dərman istehsalı üçün zavod tikintisinə start veriblər”.
“Əczaçılar Klubu” İctimai Birliyinin sədri söyləyib ki, Azərbaycan əsasən Rusiya, Hindistan, Belarus və nisbətən az miqdar faizlə avropa ölkələrindən, həmçinin Türkiyədən dərmanlar idxal edir: “Azərbaycan əczaçılığı hal hazırda idxaldan 93-94 faiz asılıdır. Bu asılılığın aradan qaldırılması üçün də bir qədər əvvəl vurğuladığım kimi, dərman istehsal edəcək zavodların tikintisinə başlanılıb. Lakin yerli istehsal üçün zavodların tikilməsi işin tamamı deyildir. İstehsal üçün hələ istehsal prosesinə kimi bir çox işlər görülməlidi. Belə ki, kimya sənayesi inkişaf etdirilməli, xammal istehsalı və xammal emalı yaradılmalı, ən nəhayət mütəxəssislər hazırlanmalıdır. Bunlar olmasa iş yarımçıq görülmüş hesab edilir. Ümid edək ki, yaxın 5 il ərzində Azərbaycan dərman sənayesi formalaşacaq və yerli zavodlar daxili tələbatın heç olmasa 40-50 faizini qarşılaya biləcək. Bu, çox strateji sahədir. Ölkənin dərman təhlükəsizliyi qida təhlükəsizliyi və hərbi təhlükəsizlik qədər strateji önəm daşıyır”.