Azərbaycanın Belçikadakı səfirliyində incəsənət sərgisinin açılışı keçirilib

0
493

Azərbaycanın Belçikadakı səfirliyi tərəfindən “Mincə sənət” qalereyası və Brüsseldəki səfirliyimizdə “Bir dəfə Azərbaycanda” adlı incəsənət sərgisinin açılış mərasimi keçirilib. Sərgidə Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayan rəssamların və sənətkarların əsərləri və əl işləri nümayiş etdirilib.

Bu xüsusda, Azərbaycanın tarixi, mədəni irsi, adət-ənənələrini təcəssüm etdirən, eləcə də portret və təbiət mövzusunda rəsmlər, milli ornamentləri əks etdirən aksessuarlar, keçədən hazırlanmış əl işləri tamaşçılara təqdim olunub.

Tədbiri giriş sozu ilə açan səfir Fuad İsgəndərov “Mincə Sənət” qalereyasının mədəniyyətimizin ölkə hüdudlarından kənarda təbliğinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirib, bu xüsusda qalereyanın direktoru Fidan Bədəlovaya təşəkkürünü bildirib, Azərbaycan rəssamlarının və sənətkarlarının əsərlərinin Avropada nümayiş etdirilməsinin qürurverici olduğunu qeyd edib. Səfir rəsm əsərlərində Azərbaycan mədəniyyətinə xas olan müasirlik və ənənəvi çalarların, eləcə də tarixi dəyərə malik cizgilərin əks olunduğunu vurğulayıb.

Sərgidə 40 rəssam və sənətkarın 50-dən çox rəsm və əl işi nümayiş etdirilib, müəlliflərə sertifikatlar təqdim olunub.

Sərginin açılış mərasimində Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Avropa təsisatlarının təmsilçiləri, Belçika ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Sonda qonaqlara ziyafət verilib.

Sərgi dekabrın 5-dək davam edəcək.