Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat… – SƏBƏBLƏR

0
507
Ümumdünya Ticarət Təşkilatı (ÜTT)  1995-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb. Qurum çoxtərəfli ticarət sazişlərini  qəbul edərək, ticarət danışıqlarını həyata keçirir. Qeyd edək ki, dünya ticarətinin 98%-dən çoxu məhz təşkilata üzv olan ölkələrin payına düşür. MDB məkanında  xeyli sayda ölkənin də  üzv olduğu quruma isə Azərbaycan hələ ki qoşulmayıb.

Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiya 22 avqust 2003-cü il yaradılıb, 9 avqust 2017-ci il -ci il tarixli sərəncama əsasən, Komissiyanın yeni tərkibi təsdiq edilsə də, hələ də təşkilata  qoşulmamışıq.

Bəs, ÜTT-ə üzv olmağın Azərbaycan üçün vacib tərəfi nədir, niyə hələ də bu təşkilata üzv olmamışıq?

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  üzvü, deputat Vahid Əhmədov Modern.az-a danışıb.

Deputat bildirir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması  çox  vacib məsələdir və iqtisadiyyatda canlanma yaradacaq.

“Prezident İlham Əliyevin bu barədə tapşırığı var, xüsusi komissiya yaradılıb. Xarici İşlər Nazirliyinin müavini bu komissiyaya rəhbərlik edir. Milli Məclisin üzvü olaraq biz də komissiya ilə görüşüb məsələni müzakirə etmişik. Azərbaycan ÜTT-ə  daxil olarsa, daxili bazarda canlanma yaranacaq. Təşkilata üzv olacağımız təqdirdə qiymət bazarında da müəyyən dəyişikliklər olması gözlənilir .  Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxi olması həm də Avropaya inteqrasiyaya gedən yoldan keçir. Bu bizim üçün çox əhəmiyyətli məqamdır və düşünürük ki, ölkəmiz bu təşkilata daxil olmalıdır”.

Vahid Əhmədov deyir ki, təşkilata daxil olacağımız təqdirdə daxili iqtisadiyyata təsir edəcək bəzi amillər var, lakin dünyaya inteqrasiya olmaq baxımında ÜTT-ə üzvlük vacibdir:

“Məqamlar dedikdə idxal, gömrük rüsumlarından söhbət gedir. Belə ki,  Azərbaycan təşkilata daxil olarsa, tətbiq etdiyimiz gömrük rüsumları müəyyən qədər aradan götürüləcək. Yəni Avropa Birliyində, dünyada qəbul edilmiş rüsumlar çərçivəsində  biz məhsulları idxal  etməliyik. Belə olan halda daxili bazarda gömrük rüsumları, qiymət siyasəti ilə əlaqədar  problemlər  yarana bilər.  Ümumilikdə, ticarət təşkilatına qoşulmağı tezləşdirmək lazımdır ki, protokollar imzalansın”.

İqtisadçı-ekspert Natiq Cəfərli  qeyd edir ki,  Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar artıq 16 ildir ki, davam edir və Azərbaycan tərəfinin qoşulmamaq üçün göstərdiyi səbəblər var”.

“Ümumdünya  Ticarət Təşkilatına üzvlük həm də ölkənin daxili vergi, gömrük qanunvericiliyini beynəlxalq standartlara cavab verməsi ilə müşahidə olunmalıdır. Eyni zamanda, ölkə ərazisinə daxil olan xarici şirkətlərin hər hansı bir formada beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi ilə əlaqədar yerli qanunvericiliyə əlavə və dəyişikliklər olunmalıdır. ÜTT-ın bəlli qayda-qanunları var ki, ona üzv olan ölkələr həmin qaydalara əməl etməlidir. Azərbaycan tərəfi rəsmi olaraq aqrar sahədə dotasiyaların olmasını səbəb gətirərək, uzun illərdir ki, təşkilata üzv olmur.  Müəyyən daxili  lobbi qruplar var ki, bütün fəaliyyətini həmin istiqamətə yönəldiblər ki, Azərbaycan təşkilata üzv olmasın. Qazaxıstan, Rusiya Azərbaycandan sonra müraciət etsə də, artıq təşkilata üzv olaraq qəbul ediliblər”.

İqtisadçı deyir ki, bəzən Azərbaycan vətəndaşları Gürcüstanda olarkən təəccüblənirlər ki, “eyni məhsul bizə nisbətdə orada niyə daha ucuzdur?”.

“Bunun əsas səbəblərindən biri Ümumdünya Ticarət Təşkilatına üzv olmuş ölkədə beynəlxalq  qaydalara uyğun şirkətlərin fəaliyyət göstərməsi ilə əlaqədardır.  Burada həmin şirkətlər beynəlxalq bazara  birbaşa çıxış əldə edir və bu da öz növbəsində qiymətlərin tənzimlənməsində mühüm rol oynayır. Təşkilata üzv olacağımız təqdirdə 5-10 il arası bizə keçid dövrü üçün güzəşt tanınacaq. Həmin güzəştdən istifadə edərək, biz aqrar sahəyə dotasiya və subsidiyaların verilməsini təmin edə bilərik. Üzv ölkələrin heç biri Azərbaycanın təşkilata qoşulmaq istəyi ilə bağlı ortaya müxalif şərh qoymayıb. Bir tək Ermənistan mane ola bilərdi ki, o da artıq  Rusiyanın üzvlüyündən sonra göstərəcəyi cəhdlərin mənasız olacağını anladı”.