Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə ayrılan vəsait artıb

0
289

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 402,7 milyon manat vəsait yönəldilib.

Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda bildirilir ki, bu, 2019-cu illə müqayisədə 63,3 milyon manat və ya 18,7 faiz çoxdur.

2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyaların verilməsi üçün tətbiq edilmiş yeni mexanizmə uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiya, o cümlədən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyaları verilməsinə başlanılıb.

Bundan başqa, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən lizinqə götürülən və satın alınan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilib.

Həmçinin, qeyd edilib ki, ötən il qeyri-neft məhsullarının ixracının təşviqi üçün 2020-ci ilin dövlət büdcəsindən 12,7 milyon manat vəsait sərf edilib.