Azərbaycanın Əməkdar artisti xadimə işi axtarır – FOTO

0
753

Gəncə Dövlət Teatrının aparıcı aktrisası, əməkdar artist Kəmalə Məmmədovanın səhhətində problem yaranıb. Aktrisanın kirayə qaldığı evdə halı qəfildən pisləşib. O, dərhal təcili tibbi yardıma müraciət edib.

Buna səbəb aktrisanın Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevlə yaşadığı münaqişə olub.

Kəmalə Məmmədova açıqlamasında koronavirus pandemiyası ilə əlaqədər işsiz qaldığını, buna görə də ikinci bir işdə çalışmaq üçün Sənan Hacıyevə dəfələrlə müraciət etdiyini bildirib:

“Pandemiya dövründə teatrlar bağlandığı üçün bir çox aktrisa kimi mən də işsiz qalmışam. Bu zaman ərzində əlavə gəlir yerim olmadığı üçün bir çox çətinliklərlə üzləşdim, adicə evimin kirayə pulunu ödəyə bilmirəm. Son dörd ayda mən dəfələrlə bu idarəyə işlə təmin olunmağım üçün müraciət etmişəm. Hətta müraciətlərimdə xadimə işi olsa belə, çalışa biləcəyimi bildirməyimə baxmayaraq, bu insan məni dörd aydır aldadır. Hər dəfə tezliklə işlə təmin olunacağımı deyərək mənə yalandan vədlər verib.

İki həftə bundan əvvəl isə pandemiya dövründə hər yerdə işə qəbulun dayandırılmasını arqument gətirərək, məndən sentyabrın 1-nə qədər gözləməyimi xahiş etdi. Lakin bu dəfə də Sənan Hacıyev verdiyi sözün üzərində durmayaraq, məni aldatdı”,- deyə o, qeyd edib.

Aktrisa məsələ ilə bağlı Gəncə İcra başçısı Niyaz Bayramovun qəbulunda olduğunu da bildirib:

“Məsələ ilə bağlı bu gün icra başçısının qəbulunda oldum. Onlar mənə tezliklə ikinci bir işlə təmin olunacağımı söz verdilər”.