Azərbaycanı xilas edən düha – Foto

0
659

Anadan olanda ona Heydər adını verdilər. Ərəbcə mənası “Aslan”, farsca isə “İrəlidə çapan süvari…” O, həmişə lider oldu. İrəlidə oldu. İnsanları arxasınca apardı. İrəliyə, inkişafa, işığa, qüdrətə doğru.

 

16 il əvvəl, 2003-cü ilin dekabrın 12-də Azərbaycanın, xalqımızın milli lideri, öndəri Heydər Əlirza oğlu Əliyev dünyasını dəyişdi. Onun həyatı əslində Azərbaycanın inkişaf yolu idi.

Bəşər tarixində dühalar var ki, yaşamları və əməlləri tam bir millətin, etnosun, ulusun taleyini bəlirləyir.

Heydər Əliyev belə insandı.

1993-cü ilin oktyabrın 3-də o, Azərbaycanın prezidenti seçildi. Xilas günündən 26 il keçir.

Heydər Əliyevin karyerası bir neçə insanın, bəlkə də onlarla orta statistik fərdin həyatına yetəcək dolğunluqda, genişlikdədir. Lakin Heydər Əliyevin həyatında əsas məqam onun vəzifələrinin, postlarının çox uzun siyahısı deyil.

Onunla görüşmüş, danışmış hər kəs Azərbaycanda “Baba”, yəni millətin Öndəri deyilmiş və anılan insanın fantastik xarizmasından, şəfqətindən, həddən ziyadə güclü fərdi cazibəsindən bəhs edirlər.

Heydər Əliyevin insan və siyasətçi kimi sirri nədir? Bu dühanın fəaliyyətində, əməllərində və sözlərindəki dərin anlamlar hansılardır?

Sualllara cavablar hələ də aranır və bundan sonra da uzun müddət aranasıdır.

Liderlər var ki, tarixə düşür və orada qalırlar.

Liderlər də var ki, millətinə tarix yazır. Heydər Əliyev müasir Azərbaycan tarixini bəlirləyən insandır. Tarix onu dövrünün əfsanəsi, çox güclü siyasətçi, dövlət xadimi və ölkə başçısı, milləti uğrunda bütün qurbanlara hazır fədai, dövlət quruculuğu təki çətin işi öhdəsinə götürmüş unikal şəxsiyyət kimi xatırlayır.

Azərbaycanın 1960-cı illərin sonlarından 21-ci əsrin əvvəllərinədək Azərbaycan tarixi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi fəhmi, gerçəkdən də dəyəri bilinməyən insani məcazları gənc ölkəmizə ayaq üstə durmağa, 21-ci əsrə müstəqil dövlət kimi qədəm basmağa imkan verdi.

Azərbaycana rəhbərlik etdiyi illərdə o, ölkənin və millətin taleyinə görə məsuliyyəti üzərinə götürdü, ətrafında istedadlı insanları birləşdirdi və bütün ağır, ciddi maneələri dəf edərək indi müasir Azərbaycan adlanan güclü müstəqil dövlət yaratdı.

… 1969-cu ildə Heydər Əliyev sovet Azərbaycanının rəhbəri oldu: o, respublikanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi təyin olundu.

H.Əliyevin həmin illərdəki fəaliyyətini bir sözlə səciyyələndirmək olar: Modernləşdirmə!

Respublikanın rəhbəri olandan sonra o, həmin dövrədək Sovetlər Birliyinin xammal və təbii ehtiyatlar əyaləti hesab olunan Azərbaycanda köklü, dərin islahatlara başladı.

Heydər Əliyev respublikanın neft və neft emalı sənayesini tamamilə yeniləyib müasirləşdirdi, bir sıra zavodların, su-elektrik stansiyalarının, fabriklərin inşasının təşəbbüskarı oldu, yüksək texnologiyalı istehsalat sahələrini işə saldı.

O illərdəki Azərbaycanda inşa olunan sənaye obyektlərinin siyahısı çox uzundur. Özü də yeni müəssisələr respublikanın istisnasız olaraq bütün bölgələrində tikilirdi.

H.Əliyevin rəhbərliyi dönəmində geriqalmanı çox qısa müddətdə dəf edən Azərbaycan iqtisadiyyatda böyük uğurlar qazandı, Sovetlər Birliyi miqyasında lider mövqelərdən birini tutdu. Həmin illərdə Azərbaycanın sənaye potensialı iki dəfə artdı. Şəhərlərin, qəsəbə və kəndlərin simaları inanılmaz dərəcədə dəyişdi.

15 müttəfiq respublika arasında yalnız Rusiya və Azərbaycan SSRİ büdcəsindən subvensiyalar almırdı.

H.Əliyev o illəri belə xatırlayırdı: “Bəzən iş günü bitəndə də evə getmirdim, düşünür, respublikadakı vəziyyəti yaxşılaşdırmağın yollarını arayırdım. Düşünürdüm ki, vəzifəmin verdiyi imkanlardan istifadə edərək xalqım üçün faydalı işlər görüm”.

1982-ci ildə o, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu.

Beş il sonra isə Sovet Kommunist Partiyasının rəhbərliyinin yürütdüyü siyasətə etiraz edərək bütün görəvlərindən istefa verdi.

1990-cı ilin yanvarın 20-də, Bakıya sovet qoşunları yeridiləndə və xalqa divan tutulanda Heydər Əliyev bu qətliamın təşkilatçılarının və yerinə yetirənlərin cəzalandırılmasını SSRİ rəhbərliyindən tələb etdi.

1991-ci ilin iyul ayında isə Kommunist Partiyasının sıralarını tərk etdi.

Azərbaycana dönəndən sonra bir müddət Bakıda yaşayan, sonra Naxçıvana yollanan Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçildi.

1993-cü ilin may-iyun aylarında polkovnik Surət Hüseynov ölkədə hakimiyyətdə olan AXC-Müsavat duetini devirəcəyini, iqtidardakılar barədə “Sizi Azadlıq Meydanında asacam!” deyərək dəstələrini Bakıya yollayanda Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Daha doğrusu, ölkə məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi.

Və onda xalq meydanlara çıxdı, “Ulu Öndər!” dedi, Heydər Əliyevdən hakimiyyətə gəlməsini tələb etdi.

Qurtuluş günü yetişdi, H.Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi.

1993-cü ilin oktyabrın 3-də isə Heydər Əliyev ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın prezidenti seçildi.

Xalq beş il sonra, 1998-ci ildə yenə ona səs verdi.

Prezidentliyinin 10 ili müddətində Heydər Əliyev ölkədə radikal, genişmiqyaslı islahatlar apardı və viranə vəziyyətdə olan ölkəni yarıtmazlardan “təhvil” almasına rəğmən, özündən sonra çiçəklənən, güclü dövlət qoydu.

Heydər Əliyevin düşünülmüş, səbatlı siyasəti dövlət strategiyasına çevrildi, ölkəmizə rifah, inkişaf və stabillik bəxş etdi.

Praqmatik və balanslaşdırılmış xarici siyasət ABŞ və Avropa Birliyi ilə konstruktiv əlaqələrin, Türkiyə, Rusiya və İranla müdrik tərəfdaşlıq münasibətlərinin əsasını qoydu.

Azərbaycanda tam siyasi stabilliyə nail olmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin əsasını qoydu. Bütün istehsalat sahələrinin bərpası ilə bağlı antiböhran proqramı gerçəkləşdi, maliyyə durumu yaxşılaşdı, iqtisadiyyata xarici sərmayə axını yarandı.

1994-cü ilin sentyabrın 20-də Bakıda imzalanmış “Əsrin müqaviləsi” isə Azərbaycan neftinin hasilatı və nəqli ilə bağlı nəhəng transmilli şirkətlərlə milyardlarla dollarlıq anlaşma oldu. Bu, postsovet məkanında ilk və ən böyük neft sazişi idi.

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin banisi olan Heydər Əliyev ölkəyə nəhəng məbləğdə xarici kapitalı cəlb etməklə yüz minlərlə yeni iş yerlərinin yaranmasına, ölkə iqtisadiyyatının sürətlə inkişafına nail oldu.

Bundan başqa, Heydər Əliyev 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyanın banisidir.

“Azərbaycan xalqı” anlamına Heydər Əliyevin verdiyi fəlsəfi çəki müstəqil Azərbaycanın çağdaş dünyadakı yerini müəyyənləşdirdi, dünya azərbaycanlılarının həmrəyliyini milli dövlətçiliyin ideoloji bazisi qismində bəlirlədi.

Heydər Əliyev Azərbaycanın həyatını, tarixini dəyişdi.

Fenomenal istedad, düha, şəfqət, qətiyyət, iradə – Heydər Əliyev şəxsiyyətinin açar məcazlarıdır. Bir insanı dinləmək və eşitmək bacarığı ilə bahəm, “xalq” kəlməsi təki qısa anlayışın birləşdirdiyi hər kəsin və hamının istəklərini duymaq istedadı Öndərə məxsus olur.

Dahi siyasətçinin müdrik uzaqgörənliyi, sərkərdə əzmi və cəsarəti, filosof intellekti və millət Atası qəlbi – Heydər Əliyev səhv edəni bağışlayacaq qədər geniş ürəkli idi. Amma bacarıqsızlar, xainlər, yalançılar, tamahkarlar onun əfvinə ümid edə bilməzdilər.

O, demokratizmlə iradə və sərt tələbkarlığı üzvi şəkildə uzlaşdırmağı bilirdi.

Ölkənin üzləşdiyi saysız-hesabsız problemləri çözən, böhranlar burulğanından məmləkəti çıxaran Lider unikal xarizması ilə başqalarını da qəhrəmanlığa sövq edirdi.

Dövrünün ən məşhur siyasətçiləri, dövlət başçıları, sənətçiləri və düşünərləri onun şəxsiyyətinin qüdrətini anlayır, etiraf edirdilər.

Öndər, Millət Atası, Lider və eyni zamanda, çox nadir dühalarda rast gəlinəcək sadə, təvazökar şəxsiyyət.

Yaşamında millətin Lideri və Öndəri olmuş Heydər Əliyev cismani ölümündən sonra da sonsuz sevgi, rəğbət və sədaqət görür.

Çünki həmişə irəlidə olmağa çalışan, xalqını arxasınca aparan Dahi idi.

Heydər Əliyevin Azərbaycan və xalqımız qarşısında xidmətləri o qədər böyükdür ki, nəsillər dəyişsə də, minnətdar insanlarımız onun barəsində həmişə Millətin Atası, Ümummilli Lider, Öndər, dahi şəxsiyyət, böyük azərbaycanlı kimi danışacaqlar.

Onun adı ölməz, irsi əbədidir, çünki xalqımızın ayrılmaz hissəsidir.

Onu daim xatırlayacaq, haqqında filmlər çəkəcək, kitablar yazacaq, adı küçələrə, meydanlara, məktəblərə veriləcək.

Onun ömrü Azərbaycanın xilası və inkişafı görəvi idi.

Onun əməlləri, yaratdığı dövlət, işıqlı ideyaları əbədi yaşayacaq.

Azərbaycan kimi…

Elçin Alıoğlu