Azərbaycandan Çinə tələbə axını artır – VIDEO

0
523

Ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlər təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 15 mini Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna və Gürcüstan universitetlərində təhsil alır. Son zamanlar isə Azərbaycandan Çinə də axın az deyil.

Mütəxəssis Ümid Məmmədzadənin sözlərinə görə, Azərbaycandan Çinə gedən abituriyentlərin sayı artıb. O bildirir ki, hazırda 30 azərbaycanlı gənci Çinə göndəriblər və tələbələrə təhsil müddətlərini başa vuranadək nəzarət edirlər.

Onun sözlərinə görə, Çində təkcə Çin dilində yox, ingilis dilində də təhsil almaq mümkündür. Bu, tələbələrin seçimindən asılı olaraq dəyişir:

“Azərbaycan-Çin əlaqələri inkişaf etdiyinə görə indi Çin dilinə daha çox maraq var. Bu dili seçib getmək istəyənlər bizim kursumuzda 8-9 aylıq proqramı bitirməlidirlər. Müəyyən etdiyimiz balı keçən tələbələr isə həmin ölkəyə bizim tərəfimizdən göndərilir və tam təmənnasız olaraq orada təhsilini davam etdirə bilir.

İngilis dilini seçənlər isə sənədlərini toplayıb bizə yaxınlaşa bilər. Onlarda dil səviyyəsi ən aşağı 4-5 olmalıdır. Tələbələrin istəyinə uyğun olaraq biz onları Çində işlə təmin edə bilirik: həm oxuduqları müddətdə, həm də bitirdikdən sonra. Çində təhsil alan tələbə hər ay mütəmadi olaraq təqaüd alacaq”.

Çində təhsil üçün abituriyentlərin seçdikləri ixtisasa gəlincə, müsahibimiz deyir ki, müraciət edənlər daha çox kənd təsərrüfatı ixtisası üzrə oxumaq istəyir.

Qeyd edək ki, universitetdən asılı olaraq, Çində bir nəfərin təhsili yataqxana da daxil olmaqla 2000-5000 dollara başa gəlir.