Azərbaycandan ABŞ-a aviareyslər dayandırılır.
Azərbaycan Hava Yolları Şirkətindən (AZAL) bildirilib ki, ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq milli aviadaşıyıcı bu il təyyarə parkını artıra bilməyib.
Qeyd olunub ki, bu səbəbdən AZAL aviaşirkətinin marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərara alınıb:
“Bu istiqamətlər üzrə aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit habı kimi istifadə olunması və ölkəmizə böyük turist axınının cəlb edilməsi üçün geniş imkanlar yaradacaq. Yuxarıda sadalanan halları nəzərə alaraq, 2019-cu ilin oktyabrından etibarən Nyu Yorka aviareyslərin dayandırılmasını məqsədəuyğun hesab etdik”.
AZAL-dan onu da bildiriblər ki, 2016-cı ildən etibarən Azərbaycan və ABŞ arasında “Open Skies” (Açıq Səma) aviasiya sazişi qüvvədədir və bu saziş hər iki ölkənin aviaşirkətlərinə iki ölkə arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir:
“Ümid edirik ki, ABŞ aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar”.