Xəbər verdiyimiz kimi iyulun 7-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınıb.
Daha öncə 2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər, 2007-ci ildə isə Qobustan qayaüstü rəsmləri UNESKO siyahısına daxil edilib.
Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov “Yeni Sabah”a deyib ki, UNESKO siyahısına daxil edilmək dünya mədəni və təbiət irsinin saxlanılması üçün beynəlxalq təsisatlardan, ilk növbədə Ümumdünya İrsi Fondundan maliyyə vəsaitlərinin cəlb edilməsində prioritetliyi təmin edir:
“Bu Azərbaycanın dünya mədəni-turistik xəritəsində beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Bu hadisə həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq müstəvidə növbəti təsdiqidir”.
Onun sözlərinə görə, ölkəmizdə beynəlxalq miqyasda tanınmasını gözləyən hələ çox mədəni irs obyektləri var:
“Bunlar sırasında Atəşgah, Naxçıvandakı türbələr, Xəzər sahilindəki tarixi istehkamlar və s. adını çəkmək olar. Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl iş sayəsində ölkəmizin mədəni irs nümunələrinin UNESKO siyahısında sayı bundan sonra da artacaq”.