Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Acalova Fərəh Fuad qızı Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bununla bağlı nazirlik məlumat yayıb.
Qeyd edək ki, Fərəh Acalova 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2002-ci ildə həmin ixtisas üzrə magistr (fərqlənmə), 2009-cu ildə Böyük Britaniyanın Sasseks Universitetinin İnkişaf Araşdırmaları İnstitutunun “Gender və inkişaf” ixtisası üzrə magistr (fərqlənmə) pilləsini bitirib.
Vyana Diplomatik Akademiyasında Avropa Araşdırmaları üzrə təlim kursunun xüsusi fərqlənmə sertifikatını alıb. Nyu-York Universiteti (ABŞ) və Lund Universitetində (İsveç) beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə təlim kurslarında iştirak edib.
ADA Universitetinin orta və yüksək vəzifəli diplomatlar üçün liderliyin inkişafı üzrə xüsusi təlim kursunun ilk məzunlarından biridir.
Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2002-2003-cü illərdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasında təhsildə gender bərabərliyi üzrə ekspert kimi fəaliyyət göstərib.
2003-2007-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində çalışıb. Həmin illərdə Azərbaycan Respublikasının Sivilizasiyalararası Alyansda iştirakı məsələlərini əlaqələndirib, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanın sədrliyi dövründə Təşkilatın humanitar, sosial və mədəniyyət məsələləri üzrə ekspert qrupuna sədrlik edib.
2009 və 2019-cu illərdə Azərbaycan diplomatiyasının 90 və 100 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin müvafiq medalları ilə təltif olunub.
2010-cu ildə Koreya Respublikasının Gender Bərabərliyi və Aİlə Nazirliyi və Beynəlxalq Qadın İnkişafı Fondu tərəfindən “Qadın və Gələcək” mükafatına layiq görülüb.
Son təyinatadək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.
İngilis, rus, fransız və ispan dillərini bilir.