Azərbaycanda “WhatsApp” mübahisəsi qanlı bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı

0
438

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, martın 31-də saat 17 radələrində Gəncə şəhər sakini 18 yaşlı Anar Əliyev qarnının və ürəyinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib.

Bununla bağlı Gəncə şəhər Kəpəz Rayon Polis idarəsinə daxil olan məlumatla əlaqədar dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 17 yaşlı İ.Allahverdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, hər iki gənc “WhatsApp” sosial şəbəkəsində bir müddət mübahisə ediblər. Daha sonra görüş təşkil ediblər. Nəticədə, bıçaqlanma baş verib.