Azərbaycanda vəkilin döyməsi ilə bağlı yayılan məsələ araşdırılır – RƏSMİ

0
391

Ötən gün Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi haqda məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyi (DİN) və Şirvan Şəhər Prokurorluğu yayılan məsələ aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, Şirvan Apellyasiya Məhkəməsində vəkil Coşqun İsgəndərova polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı iddialar araşdırılır:

“C.İsgəndərovun aidiyyəti olmayan məhkəmə prosesi keçirilən zala daxil olması və münaqişəli vəziyyət yaratması ilə bağlı halların bütün təfərrüatları rayon prokurorluğu tərəfindən araşdırılır.

Eləcə də tərəflər arasında yaranan münaqişədə polis əməkdaşlarının vəkilə qarşı hər hansı hüquqazidd hərəkətlərinin olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama başlayıb. Araşdırma və yoxlamaların nəticəsindən asılı olaraq, iddialara hüquqi qiymət veriləcək”.

Şirvan Şəhər Prokurorluğundan isə bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumatlar yayılıb.

Bildirilib ki, 13 avqust 2021-ci il tarixdə saat 15:00-15:30 radələrində Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında cinayət işinə apellyasiya qaydasında baxılan zaman bilavasitə məhkəmə iclası zalında və binanın inzibati zonasında asayişin kobud formada pozulması barədə Şirvan Şəhər Prokurorluğuna Şirvan Apellyasiya Məhkəməsindən material daxil olub.

Bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək.