Azərbaycanda üz tanıma texnologiyası ilə mobil nömrələr satışa çıxarılacaq

0
394

Azərbaycanda “SmartCell” (“Face ID”) – üz tanıma texnologiyası ilə mobil nömrələrin satışına başlanacaq.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

Qeyd olunub ki, “SmartCell” – üz tanıma və elektron imza texnologiyalarını birləşdirən mobil həldir. Bu texnologiyanı istər dövlət, istərsə də özəl sektorda məsafədən onlayn əməliyyatlar aparmaq, müqavilə bağlamaq və s. kimi əməliyyatlarda istifadə etmək olar.

Sistem müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilən şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsinə, həmçinin abunə müqaviləsinin elektron imza ilə imzalanmasına imkan verir.

Bu texnologiyanın tətbiqi zamanı prosesin video-çəkilişini də təmin etmək mümkündür. “SmartCell” nömrə satış sistemi həm operatorlar, həm də müştərilər üçün bir çox üstünlüklərə malikdir.

Milli Sertifikat Xidmətləri mərkəzi tərəfindən nömrə satışı zamanı elektron imza sertifikatının təqdim edilməsi prosesi çox sadədir. Mobil tətbiqin köməyi ilə şəxsiyyət vəsiqəsi ilə üz tanınma prosesi həyata keçirilir. Bu məlumatlar əsasında şəxsə aid sertifikat sorğusu hazırlanır. Sertifikat Xidmətləri Mərkəzinin müvafiq infrastrukturuna sertifikatın alınması üçün sorğu göndərilir. Mərkəz tərəfindən verilən sertifikat proqram tərəfindən qəbul olunaraq sənədləri imzalamaq üçün tam istifadəyə hazır vəziyyətə gətirilir. Bütün proses qısa vaxt ərzində baş verir.