“Azərbaycanda adların qoyulması məsələsi tənzimlənə bilər”.
Bunu açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib. O bildirib ki, problemin günahı əsasən nikah şöbələrindədir: “Ad qoyulanda zəng vurub adın mənasını soruşub öyrənsinlər. Valideynlər necə gəldi ad qoyur. Bu, gələcəyə təsirini göstərəcək. İndi hiss etmirlər. Nikah şöbələrində oturan bəzi şəxslərin də səviyyəsi imkan vermir ki, belə halların qarşısı alınsın. Bu, bizim genofondumuza böyük ziyan vuracaq”.
N. Məmmədli qeyd edib ki, bəzi adların qoyulması qadağan oluna bilər: “Bununla bağlı kitab hazırlayacağıq. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələri ilə müqavilə bağlamağa çalışacağıq. Ən çox problemlər ərəb, fars adları ilə bağlı olur. Bəzən həmin xalqların nümayəndələri özləri də gülür ki, biz bu adı əşyaya, quşa veririk, siz bunları insanlara ad kimi qoyursunuz. Bəzən ailədəki digər şəxsin adına uyğunluq məqsədilə, bəzən də əcnəbi dildən gələn adlar qoyulur. Bundan başqa, bir hərflə mənası başqa olan sözlər bəzən pis məna daşısa da, uşaqlara səhvən qoyulur. Ad seçəndə mənasına baxmaq lazımdır. Uşaqlara məzmunu aydın olmayan adlar qoyulur. Uşaqlar böyüyəndə, başa düşəndə bəzən onun üçün utancverici olur”.