Azərbaycanda üç qurum sahibkarlara çağırış etdi

0
569

Hazırda dünyada baş verən qlobal iqlim dəyişmələri fonunda yağıntıların azalması, havaların mövsümə uyğun keçməməsi və s. səbəblər bitkilərin vegetativ inkişafına mənfi təsir etməklə yanaşı, qeyri-əlverişli təbii amillərə daha çox davamlılıq qazanmış zərərli orqanizmlərin aktivləşməsinə, onların yayılma arealının və zərərvurma müddətinin uzanmasına və beləliklə də daha çox itkiyə səbəb olur.

Bununla əlaqədar respublika ərazisində fitosanitar sabitliyin təmin edilməsi üçün kənd təsərrüfatı sahələri, meşə fondu və digər yaşıllıq zonalarında bitki mühafizə tədbirləri də daxil olmaqla kompleks tədbirlərin təşkili məsələlərinin müzakirəsi, zərərli orqanizmlərin ölkədəki təbii bitki örtüyünə və mədəni əkinlərə vurduğu ziyanın və gələcəkdə bu səbəbdən yarana biləcək fitosanitar təhlükənin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi rəhbərlərinin və ekspertlərin iştirakı ilə videoformatda görüş keçirilib.

Görüşdə son illər ölkəyə idxal olunan bir sıra əkin materiallarının (xüsusilə də dekorativ bitkilərin) yerli torpaq-iqlim şəraitinə uyğunlaşmaması, xəstəlik və zərərvericilərə qarşı həssaslığı, quraqlığa qarşı davamsız olması və s. səbəblərdən salınmış yaşıllıqların quruması hallarının qeydə alındığı və vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, zərərli orqanizmlərin sürətlə artması və yayılması nəticəsində bitki örtüyünə, əsasən də meşələrə çox ciddi zərər dəyə biləcəyi vurğulanıb.

Həmçinin bitkilərin zərərli orqanizmlərdən mühafizəsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinin zəruriliyi, idxal olunan bitkiçilik, xüsusən əkin materiallarında zərərsizləşdirmə tədbirlərinin gücləndirilməsi, sahələrdə bitki mübarizə tədbirlərinin görülməsi məqsədilə birgə fəaliyyətin təşkili və monitorinqlərin keçirilməsi məsələləri müzakirə olunub.

Qeyd olunub ki, sahibkarlar tərəfindən Azərbaycana gətirilən əkin materialları reyestrdə qeydiyyatda olmalı, rayonlaşdırıldığı ərazilərdə mütəxəssis nəzarəti altında əkilməli və düzgün aqrotexniki qulluq işləri təmin edilməlidir.

Sonda ETSN, KTN, AQTA və AMEA-nın mütəxəssislərindən ibarət İşçi Qrupun yaradılması qərara alınıb. Eyni zamanda bitkiçilik məhsullarının idxalı, ixracı, daşınması, yetişdirilməsi və saxlanması ilə məşğul olan bütün sahibkarlıq subyektlərinə müraciət olunaraq, onlar zərərvericilərlə mübarizə tədbirlərini daha effektiv üsullarla həyata keçirməyə çağırılıb və bu işdə onlara mütəmadi olaraq peşəkar mütəxəssislər tərəfindən zəruri metodiki köməkliyin göstəriləcəyi bildirilib.