Azərbaycanda tullantılardan hazırlanan məhsullar ABŞ, Niderland, İsveçrə və Rusiyaya satılır

0
318

“Yaşıl” iqtisadiyyat ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir.

Bu gün dünyada təbii ehtiyatların fasiləsiz istismarı, onlara tələbatın durmadan artması, sənaye tullantıları nəticəsində ətraf mühitin çirklənməsi fonunda dayanıqlı və daha təhlükəsiz inkişafa nail olmaq üçün “yaşıl” iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm önəm kəsb edir. Elmdə qeyd edildiyi kimi, “yaşıl” iqtisadiyyatda “lazım olduğu qədər təbiətdən götürmək” və “çoxu azla istehsal etmək” prinsiplərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu anlayış “qəhvəyi” iqtisadiyyat anlayışına – resursların daha çox istifadəsi, aşağı enerji səmərəliliyi, dayanıqlı olmayan enerji qaynaqlarından asılılıq və yüksək dərəcədə ekoloji çirklənməyə əsaslanan iqtisadiyyata əks termin kimi işlədilir.

Azərbaycanda “yaşıl” iqtisadiyyatın inkişafına dövlət səviyyəsində diqqət yetirilir, müvafiq tədbirlər görülür. Təsadüfi deyil ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlanır. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.

Ölkəmizdə qurulmuş təkrar emal prosesinin önəmi

Ölkəmizdə qurulmuş təkrar emal prosesi “yaşıl” iqtisadiyyatın inkişafına, rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Müasir iqtisadiyyatda “təkrar emal” anlayışı mühüm yer tutur. İstehlak prosesindən sonra tullantıların bir qismini yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir. Əsas məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır. Təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir ki, bu da enerji qənaətinə imkan verir.

Ölkəmizdə təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə dövlət başçısının 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncamla “Təmiz Şəhər” ASC Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib. Sənaye Parkında həyata keçirilən təkrar emal prosesi mühüm önəm kəsb edir. İlkin mərhələdə 7 hektar ərazini əhatə edən Sənaye Parkına marağın artması nəzərə alınaraq sahəsi 10,15 hektara çatdırılıb.

Balaxanı Sənaye Parkının yaradılması ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl” iqtisadiyyatın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Təkrar emal biznesini qurmaq, innovativ texnologiyaları tətbiq edərək “yaşıl” istehsalla məşğul olmaq istəyənlər üçün Balaxanı Sənaye Parkı əlverişli məkandır. Sənaye Parkında 23 rezident qeydiyyatdan keçib və buradakı müəssisələrdə tullantılar təkrar emala cəlb olunub, “yaşıl” məhsul istehsalının artırılması istiqamətində fəaliyyət genişləndirilib. Balaxanı Sənaye Parkında rezident kimi fəaliyyət göstərmək sahibkarlara bir sıra üstünlüklər qazandırır. Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunur. Balaxanı Sənaye Parkında tullantılardan xammal kimi istifadə edilərək hazırlanan məhsullar Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya, Belarus daxil olmaqla, bir çox xarici ölkələrə ixrac olunub.

Tullantıların idarə olunması və ətraf mühitə təsirini azaltmaq sahəsində səmərəli təcrübələrdən biri də onların yandırılaraq zərərsizləşdirilməsi və bu prosesdən enerji əldə olunmasıdır. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası çərçivəsində yaradılan və 2012-ci ildən fəaliyyətə başlayan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 231,5 milyon KVt saat elektrik enerjisi istehsal olunur ki, bu da 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan yaradır. Balaxanı Şəhər

Tullantılarının Zərərsizləşdirilməsi poliqonu “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli Sərəncamı ilə 2009-cu ilin oktyabr ayında “Təmiz Şəhər” ASC-yə təhvil verilib. Burada tətbiq olunan müasir texniki qurğular vasitəsilə zərərsizləşdirilən tullantılardan ayrılan qazlardan elektrik enerjisi əldə olunur. Ayrılan su isə xüsusi filtrasiyadan sonra poliqon ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur. Tullantıların zərərsizləşdirilməsi sahəsində əhəmiyyətli fəaliyyətlərdən ən vacibi çeşidləmədir. “Təmiz Şəhər” ASC-nin Bərk məişət tullantılarının çeşidlənməsi zavodu 2012-ci ildən bu istiqamətdə uğurla fəaliyyət göstərir. Məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi məqsədilə illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan bu zavodda çeşidləmənin aparılması nəticəsində ayrılan materiallar tullantıların ümumi həcmini azaldır, Balaxanı Sənaye Parkı üçün ucuz xammal bazası formalaşdırır. Bu isə ölkədə təkrar emal prosesinin inkişafına böyük təkan verir. Çeşidləmə zavodunun fəaliyyəti tullantıları düzgün idarə etməklə təbii ehtiyatlara və enerjiyə qənaət olunmasına xidmət edir.

Azad edilmiş ərazilərimizdə Yaşıl Enerji Zonası…

44 günlük Vətən Müharibəsi nəticəsində rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi ilə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyaslı bərpa və quruculuq, iqtisadi reinteqtasiya tədbirləri aparılmaqdadır və bu istiqamətdə nəzərdə tutulmuş strateji baxışlardan biri də bu ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasıdır. Yaşıl Enerji Zonası – enerji tələbatı “yaşıl” enerjidən (bərpa olunan enerji mənbələrindən) maksimum istifadə edilməklə təmin edilən və enerji dəyər zəncirində ekoloji təmiz və enerji baxımından səmərəli “yaşıl” texnologiyalardan istifadə edilən ərazidir. 22 fevral 2021-ci il tarixində Energetika Nazirliyi ilə BP şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın şəhər və rayonlarında bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, rəqabətli enerji bazarının yaradılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti üçün tədbirlərin həyata keçirilməsi, BP-nin isə 2020-ci ildə “xalis sıfır emissiya” hədəflərini elan etməsi kontekstində imzalanıb. Memorandum çərçivəsində, təmiz enerji layihələri, az karbonlu nəqliyyat, “yaşıl” binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, inteqrasiyalı tərəfdaşlıqlar, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması nəzərdə tutulur.

Bundan əlavə, 2021-ci ilin iyun ayının 3-də Cəbrayıl və Zəngilan ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üzrə BP ilə İcra Müqaviləsi imzalanıb. İcra Müqaviləsi çərçivəsində BP tərəfindən tikilməsi planlaşdırılan elektrik stansiyası layihəsi ətrafında müvafiq iqtisadi və texniki təhlillər aparılacaq və yekun maliyyə qərarı veriləcək.

Qeyd edilənlər Azərbaycanda gələcək iqtisadi inkişafın ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində işlərin artırılması ilə sıx bağlı olacağını deməyə əsas verir. Eləcə də, Milli Prioritetlərə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin ediləcək.