Azərbaycanda tüğyan edən saxta boşanmalar: ŞOK SƏBƏBLƏR

0
74

Son 10 ildə ölkə üzrə boşananların ümumi sayı 138 min təşkil edib. Qeyd edək ki, boşanma səbəbləri müxtəlifdir, bəziləri isə səbəbsizdir. Daha dəqiq desək, saxta evliliklər kimi, saxta boşanmalar da mövcuddur. Bu günlərdə məhz bu mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da bildirib ki, saxta boşanmalar kütləvi hal alıb.

Bəs insanlar nə üçün saxta boşanmanı seçirlər?

Bununla bağlı sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub açıqlamasında saxta boşanmaların müxtəlif səbəbləri olduğunu qeyd edib:

“Onlardan biri isə evlənmədən boşanmaq istəyidir. Bəzi şəxslər qarşı tərəfin puluna görə onunla ailə qurur. Təəssüflər olsun ki, hüquq və qanunvericilikdə bununla bağlı bir sıra boşluqlar mövcuddur. Həmin boşluqlardan biri də məhz qeyd etdiyim məqamdır. Məlumdur ki, boşanma zamanı kişinin əmlakı yarıya bölünür.

Bəzi xanımlar da qəsdən, məqsədli şəkildə həyat yoldaşının, ərinin əmlakına sahib çıxmaq üçün evlənirlər və qısa müddətdən sonra boşanırlar. Hüquqda bu boşluq aradan qaldırılmalıdır. Sürətlə artan boşanmaların qarşısını hüquq və qanunvericiliyi yenidən tənzimləməklə ala bilərik. Hazırda saxta boşanmanın statistikası yoxdur. Bütün hallarda hüquqda boşluq varsa, onda bu, sui-istifadələrə yol aça bilir”.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bəzən bu kimi hallara rast gəlmək mümkündür:

“Bəzi ailələr sosial yardım almaq üçün belə üsullara əl atırlar. Bu cür halla rayonlarımızın birində qarşılaşmışam. Sosial yardıma görə ailə saxta olaraq boşanmışdı. Sonradan isə ailə həqiqətən də dağıldı. İnsanlarda bir qorxu var ki, rəsmi nikah olarsa onların mülkləri əllərindən çıxacaq.

Buna görə də adətən vətəndaşlar dini nikaha daxil olur, yaxud nikaha daxil olsalar belə, qadını qeydiyyata salmırlar. Ümumiyyətlə, belə ailələrdə həmişə münaqişə olur. İnsanlar anlamır ki, birgə evlilik dövründə əldə edilən bütün maddi nə varsa bölünə bilər”.

Vəkil Ceyhun Cəfərli də bildirib ki, Azərbaycanda saxta nikahlar olduğu kimi, saxta boşanmalar da var:

“Saxta boşanma zamanı ailələr bir yerdə qalsalar da rəsmi olaraq boşanırlar. Bu zaman əslində hər şey olduğu kimi qalır. Bunu etmək üçün bir neçə səbəblər var. Belə olduğu halda müəyyən sosial imtiyaz və xidmətlər əldə edilir. Bu məsələnin birinci tərəfidir. İkinci tərəf isə ərlə arvadın üçüncü şəxs qarşısında real öhdəliklərdən yayınması ilə bağlıdır. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən nikah pozulduqdan sonra ər-arvad yalnız 3 il müddətində bir-birinə qarşı əmlak iddiası qaldıra bilər. Belə olduğu halda kiminsə qarşısında öhdəliyi olan ər və ya arvad saxta boşanmaya üz tutur. Özünə aid olan bütün mülkü, xüsusən də daşınmaz əmlakı həyat yoldaşının adına keçirir.

Həmçinin, ailə qanunvericiliyinə əsasən əgər ailədə ər və ya arvadın borcu varsa, buna görə ailə məsuliyyət daşıyır. Boşanma olduğu halda məsuliyyət yalnız borclu şəxsin üzərinə düşür. Belə ki, borclu şəxs boşanaraq ailənin əmlakını qoruyur. Bu yaranmış vəziyyətdən sui-istifadədir. Məncə, ümumi boşanmalar içində saxta boşanmalar çox azdır. Adətən boşanmaların səbəbi məişət mövzularıdır. Saxta boşanmalar isə əsasən yaşlı ailərlədə olur”.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.