“Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” adlı tədbirin bəyanatı qəbul olunub

0
564

Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda “dəyirmi masa” keçirilib.

Hakim Yeni Azərbaycan Partiyasının iştirak etdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, REAL TV-nin rəhbəri Mirşahin Ağayev və başqaları iştirak ediblər.

YAP sədrinin müavini Əli Əhmədov ölkə müxalifətini milli maraqlardan çıxış etməyə çağırıb. O, xaricdəki mühacirlərin fəaliyyətini tənqid edib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, Azərbaycandan xaricə gedən, anarxist mövqe nümayiş etdirən, mühacir müxalifət adlandıran, səbatsız, iradəsi zəif insanlar Azərbaycana qarşı mübarizə aparırlar: “Söyüş, əxlaqsız fikirlər, Azərbaycanın bütün rəsmi şəxslərinə, dövlət adamlarına, onların ailəsinə, özlərinə qarşı dayanan kim varsa, onlara ünvanlanıb. Bu şəxslər ümidsizlik mühiti yaradırlar. İttifaqı zəiflətmək üçün də dövlətin üzərinə gəlirlər. Xüsusi olaraq bunların içərisində xalqa qorxu hissi yaratmağa çalışırlar. Ermənistandan Gəncəyə qədər tunel açdığını deyirlər, ağızları köpüklənə-köpüklənə Azərbaycandakı müxalifəti aşağılayaraq, özlərini həqiqi müxalifət elan edirlər, Ermənistanın dövlət maraqlarına xidmət etməkdədilər. Sizin hər biriniz zaman-zaman Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutmusuz. Niyyətimiz budur ki, dövlət öz işini görür və görməkdədir. Bu, onun məsuliyyətidir. Bu məsuliyyət hissindən çıxış edərək, öz iradəmizi ortalığa qoymalı, Azərbaycan dövlətçiliyinin yanında olmalıyıq”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, Azərbaycanda iqtidarla müxalifətin münasibətlərinin zəif olması bəzi xoşagəlməz hallara yol açır: “Təklif edirəm ki, dialoq mühiti yaradılsın, problemlər müzakirə edilsin. Bir sözlə, cəmiyyətlə təmas genişləndirilməlidir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bəzi müxalifət təmsilçilərinin hakimiyyəti ittiham etməsinə belə cavab verib: “Bütün problemləri iqtidarın üzərinə atmaq olmaz. Çünki ermənilər bundan istifadə edə bilər. Hər kəs məsuliyyətini dərk etməlidir”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyri-hökumət təşkilatlarının xaricdən qrant ala bilməməsinə toxunub. O deyib ki, bu problemlər aradan qaldırılsa, yaxşı olar.

O, siyasi fəaliyyətinə görə həbs edildiyi iddia edildiyi şəxslərin azadlığa buraxılmasını təklif edib: “Buraxaq, daha başımız ağrımasın…”

N.Cəfəroğlu yerlərdə məmurların özbaşınalıq etdiyini qeyd edib: “Biz rayonlara gedirik, vəziyyəti görürük. Bəzi məmurlar insanları narazı salırlar. Bunun qarşısı alınmalıdır”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn dialoq tərəfdarı olduğunu qeyd edib: “Görüş olarsa, qucaq açılarsa hamıya, bu zaman o söyüş müxalifətinin təsir effektivliyi qat-qat azalar”.

Azərbaycan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa milli qüvvələr xarici müdaxiləyə qarşı vahid mövqedən çıxış etməlidirlər: “Siyasi qüvvələr dialiq mühiti yaratmalıdır. Heç kəsə düşmən kimi baxmamalıyıq”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu çıxışında bəzi mühacirlərin söyüş ritorikasından istifadəsini pislədiyini deyib.

Partiya sədri deyib ki, Azərbaycanda hər kəs milli maraqlardan çıxış etməlidir.

AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, hakimiyyət siyasi aministiya elan edərsə, bu, məqsədəuyğun olar: “Mühacirətdə olanlar Azərbaycana dəvət edilsin, onların təhlükəsizliyinə təminat verilsin, o zaman kimlərinsə guya xarici qüvvələrə işləməsi məsələsi aradan qalxar”.

Sonda bəyanat qəbul edilib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, onlar “dəyirmi masa”ya qatılmayıblar.

Tədbirdə İNK-nın sədri,DAMM-nin 1-ci vitse-prezidenti,SİMİB-nin rəhbəri Rasim Məmmədov da iştirak etmişdir.