Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi müşavirələrdə və tədbirlərdə verdiyi tapşırıqlardan, xüsusilə hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı göstərişlərindən irəli gələn vəzifələr Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında müzakirə olunaraq konkret tədbirlər müəyyən edilib, o cümlədən kollegiya qərarına əsasən dövlətimizin başçısının tələblərinin struktur və yerli qurumların diqqətinə çatdırılması məqsədilə xüsusi karantin rejimində videokonfrans vasitəsilə müşavirələrin keçirilməsi tapşırılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar mayın 18-də Ədliyyə Nazirliyində aidiyyəti nazir müavinləri Eldar Nuriyevin və Toğrul Musayevin, nazirliyin İcra və Probasiya xidmətlərinin və yerli qurumlarının, regional ədliyyə idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
Tədbirdə dövlət başçısının rəhbərliyi ilə respublikamızın hərtərəfli dayanıqlı tərəqqisi, bütün sahələrdə müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatlar vurğulanıb, sosial-iqtisadi inkişafa və əhalinin rifahına xidmət edən tədbirlərin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti qeyd olunub.
Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edən ölkə başçısının hüquq mühafizə sistemində islahatların dərinləşməsi, qanunun aliliyinin, qəbul edilən qərarların ədalətliliyinin və vətəndaş məmnunluğunun təmin olunması, kadrların dövlətə, xalqa bağlılığı, vətənpərvər və peşəkar olmaları, korrupsiyanın yolverilməzliyi ilə bağlı hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü qəti tələblər diqqətə çatdırılıb.
Müşavirədə qeyd olunub ki, ədliyyə və məhkəmə sisteminin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi üzrə ardıcıl islahatlar aparılır, bu sahədə mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində kompleks tədbirlər həyata keçirilir.
Ədalət mühakiməsinin təmin olunmasında mühüm rol oynayan məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasının effektivliyinin artırılması üzrə əməli işlər davam etdirilərək ötən il icraatda olmuş 861 mindən çox icra sənədinin 65 faizinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın vəsait ödətdirilib.
Aliment tələbinə dair icra işləri üzrə isə tələbkar şəxslərə 143.5 milyon manat vəsait ödənilib. İndiki pandemiya şəraitində vətəndaşların ədliyyə orqanlarına əlçatanlığı təmin edilərək borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin videoəlaqə vasitəsilə təmin edilməsi imkanı yaradılıb.
Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 3.200-dən çox şəxsə elektron qolbaq tətbiq edilib.
Həmçinin icra və probasiya xidmətlərinin kadr korpusunun komplektləşdirilməsi üzrə görülən tədbirlər, iş imkanlarının asanlaşdırılmasını təmin etmək üçün tətbiq olunan innovasiyaların əhəmiyyəti və bu işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb, 2020-ci il “Könüllülər ili” çərçivəsində 300-dən çox könüllünün bu xidmətlərdə fəaliyyətə cəlb olunduğu bildirilib.
Bununla yanaşı, yerli qurumların fəaliyyətində nöqsan və çatışmazlıqlar qeyd olunub, vətəndaşlardan daxil olan, o cümlədən yerlərdə keçirilən qəbullar zamanı, habelə “qaynar xətlər”ə edilən şikayət və siqnalların narahatlıq doğurduğu vurğulanıb. İcra və probasiya qurumlarının bəzi əməkdaşları tərəfindən xidməti vəzifələrinə səhlənkar yanaşılaraq süründürməçiliyə, digər nöqsan və qanun pozuntularına yol verilməsi diqqətə çatdırılıb, ötən bir ildə 22 nəfərin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən səkkiz nəfərin ədliyyə orqanlarından xaric olunduğu və ya vəzifəsindən azad edildiyi, üç nəfər barəsində toplanmış materialların prokurorluğa göndərildiyi vurğulanıb.
Müşavirədə dövlət başçısının hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü tələblərin ədliyyə orqanlarının fəaliyyətində daim rəhbər tutulması, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, o cümlədən indiki pandemiya şəraitində vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılması tapşırılıb.
Həmçinin, məhkəmə və digər orqanların qərarlarının vaxtında və tam icrasının təmin edilməsi, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, bu sahədə şəffaflığın və ictimai iştirakçılığın artırılması, eləcə də əməkdaşların məsuliyyət hissinin və peşəkarlığının yüksəldilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.