Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə mövsümi epizootoloji monitorinqlərə başlanılıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, ilk monitorinq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların əməkdaşlarının iştirakı ilə keçirilib.
Çöl quşları arasında monitorinqlər Abşeron yarımadasını, Şirvan Milli Parkının ərazisini, Ağzıbir ovçuluq təsərrüfatını və Qızılağac Milli Parkı ilə yanaşı, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edib. Eyni zamanda, Bakı şəhərindəki, Abşeron, Şabran, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarında müxtəlif növ quşdan, o cümlədən Bakı və Sumqayıt şəhərlərindəki, Abşeron, Salyan, Neftçala, Sabirabad, Lənkəran, Cəlilabad, Xızı və Siyəzən rayonlarında yerləşən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində ev quşundan diaqnostik materiallar götürülərək laboratoriya müayinələrinə cəlb edilib.
Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.
Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən quşlara və ya quş cəsədinə rast gəlinməyib.