Azərbaycanda pambıqçılıq tarixində ən yüksək göstəricilərdən biri qeydə alınıb – FOTO

0
372

2020-ci ilin mövsümündə Azərbaycanda 300 min tondan çox pambıq yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, bu il də pambıqçılıqda yüksək məhsuldarlıq göstəriciləri əldə olunub.

Məlumatda qeyd olunub ki, ötən il sahələrdən 295 min ton pambıq yığılıbsa, bu il fermerlər məntəqələrə 300 min tondan artıq pambıq təhvil veriblər. 2020-ci ildə pambıq üzrə orta məhsuldarlıq 30 sentneri keçib. Bu, Azərbaycanın pambıqçılıq tarixində qeydə alınan ən yüksək göstəricilərdən biridir.

Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyədək ən yüksək orta məhsuldarlıq Salyan, Neftçala, Yevlax, Beyləqan, Sabirabad, Saatlı, Ağcabədi və Goranboy rayonlarında qeydə alınıb.

2020-ci ildə ən çox pambıq əkini Saatlı, Ağcabədi, Bərdə, Biləsuvar, Sabirabad və Beyləqan rayonlarında aparılıb.