Azərbaycanda övladlığagötürmə ilə bağlı YENİLİK: Hər uşaq üçün 480 manat…

0
356

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu kateqoriyadan olan uşaqlara qayğının daha da artırılmasına xidmət edir. 

Nazirlikdən verilən məlumata görə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, gələn ilin əvvəlindən yeni aylıq müavinət növü təsis olunacaq. 

Müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqları övladlığa götürən şəxslərə hər uşaq üçün təyin ediləcək. Dövlət başçısının 24 noyabr 2020-ci il tarixli fərmanında bu müavinətin məbləği övladlığa götürülən hər uşaq üçün aylıq 160 manat, övladlığa götürülən sağlamlıq imkanları məhdud hər uşaq üçün aylıq 480 manat məbləğində müəyyən olunub.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanunlar isə bu qanunlar qüvvəyə mindiyi vaxtdan övladlığa götürülmüş uşaqların ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqlarının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.  

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu dəyişiklik qüvvəyə mindiyi vaxtdan sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən valideynlərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına əsasən ölkəmizdə övladlığagötürmə sahəsində müasir idarəetmə mexanizmi yaradılaraq  hazırda tətbiq olunur. Fərmanda uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin və dəstəkləyici mexanizmlərin hazırlanması da nəzərdə tutulub.