Azərbaycanda maliyyəçilərin orta aylıq əməkhaqqı 12% artıb

0
569

Bu il noyabrın 1-i vəziyyətinə Azərbaycanda muzdla işləyənlərin 27,8 min nəfəri maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə işçilərin sayı 2,8 min və ya 11,2% artıb. İşçilərin 5,3 min nəfəri və ya 19,1%-i dövlət, 22,5 min nəfəri və ya 80,9%-i isə özəl sektorda işləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4% və 11,4% artım qeydə alınıb.

Qeyd edək ki, cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 641,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,4 min nəfər, qeyri-dövlət sektorunda isə 729,6 min nəfər təşkil edib.

Rəsmi statistikaya əsasən, yanvar-oktyabr aylarında maliyyə sahəsində orta aylıq nominal əməkhaqqı 1 632,8 manat, o cümlədən dövlət sektorunda 1 657,5, özəl sektorda 1 626,9 manat olub. Beləliklə, maliyyə sahəsində orta aylıq əməkhaqqında illik 12,2% artım qeydə alınıb.