Azərbaycanda mərkəzi bankçılığın 100 illik inkişaf yolu

0
584

1918-ci il mayın 28-də Azərbaycan dövlətçilik salnaməsinin şanlı səhifələrindən biri kimi müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasına Prezident İlham Əliyev tərəfindən yüksək siyasi qiymət verilib və 2018-ci il Cümhuriyyət ili elan edilib. Zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, bugünkü müstəqillik üçün etibarlı zəmin hazırlamış Cümhuriyyətin yubileyi ölkə daxilində və xaricində çoxsaylı tədbirlərlə qeyd olunub. Mərkəzi bankçılığın 100 illik yubileyi də məhz həmin silsilə tədbirlərin davamıdır.Azərbaycanda mərkəzi bankçılığın bir əsrlik inkişaf yoluna və bu gününə nəzər salır.

Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyət dövlətçilik atributlarının əksəriyyətinin yaradılmasına nail olub. Prezident İlham Əliyevin də qürur hissi ilə qeyd etdiyi kimi “Azərbaycanın dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordumuz yaradılıb”. Müasir respublika idarəetmə modelinə uyğun Parlament və 15-dək nazirlikdən ibarət olan Nazirlər Kabineti formalaşdırılıb. Birinci Dünya müharibəsindən miras qalmış ağır siyasi və sosial-iqtisadi böhranı aradan qaldırmaq məqsədilə Cümhuriyyət hökuməti tərəfindən vergi-büdcə, pul tədavülü, mülkiyyət münasibətləri, xüsusilə torpaq islahatları, məşğulluğun təmin edilməsi və sair sahələri əhatə edən geniş islahat paketi reallaşdırılıb. Bütövlükdə 200-dək qanun layihəsi işlənib parlamentə təqdim edilib və onların xeyli hissəsi təsdiqlənib.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı dövlətçilik atributlarından biri də milli pul nişanları və müstəqil mərkəzi bank idi. 1919-cu il martın 7-də hökumətin qərarı ilə Azərbaycan Dövlət Bankının təşkil edilməsi təklifi bəyənildi. 1919-cu il sentyabrın 16-da Parlament Nizamnaməni təsdiq etdi, sentyabrın 30-da isə bankın təntənəli açılış mərasimi oldu və Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Azərbaycanda mərkəzi bankçılığın yaradılması məhz belə bir mürəkkəb tarixi şəraitə təsadüf edirdi.

Azərbaycan Dövlət Bankı yaradıldıqdan cəmi 7 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Lakin bu qısa müddət ərzində Azərbaycan Dövlət Bankı mərkəzi bankçılığın başlıca elementlərini yaratmağa nail oldu. İlk növbədə, müstəqil dövlətçiliyin əsas atributlarından biri olan milli pul nişanları dövriyyəyə buraxıldı. İlk kağız pullar 10, 25, 50, 100, 250 və 500 manatlıqlar idi. Milli valyutanın dönərliliyini təmin etmək məqsədilə Dövlət Bankı digər valyutaların mübadilə məzənnəsini də müəyyənləşdirirdi.

Bank mərkəzi bankçılığın digər funksiyalarını da yerinə yetirirdi. Bu funksiyalardan biri ticarət, sənaye və kənd təsərrüfatına kreditlər vermək idi. “Banklar bankı” olan Azərbaycan Dövlət Bankı, eyni zamanda, ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi.

Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli əmri ilə Azərbaycan Dövlət Bankı Xalq Bankı adlandırıldı, ölkədəki bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək onun tərkibinə qatıldı və bank sektoru dövlətin müstəsna inhisarına keçdi. 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaradılmasından sonra Zaqafqaziya vahid pul sisteminə keçildi. Lakin Sovet İttifaqının ilk illərində qeyri-adekvat iqtisadi siyasət nəticəsində dərin böhran baş verdi, yüksək inflyasiya pul nişanlarını kəskin dəyərsizləşdirdi.

1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi də təsis edildi. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına görə Azərbaycan SSRİ tərkibinə “suveren” respublika kimi daxil oldu. Bundan sonra SSRİ Dövlət Bankının Azərbaycan Kontoru yaradıldı və 1991-ci ilin sonuna kimi fəaliyyət göstərdi. Lakin Kontor müasir və müstəqil mərkəzi bankçılıq modelindən tamamilə uzaq idi, satelit qurum olaraq yalnız mərkəzdən gələn təlimlərin yerinə yetirilməsi ilə məşğul olurdu.

XX əsrdə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan az sonra – 1992-ci ilin fevralında Azərbaycan Milli Bankı adı altında Mərkəzi Bank təsis edildi. Bankın fəaliyyətə başlaması respublikamızda mürəkkəb proseslər, torpaqlarımızın işğalı, hakimiyyət çəkişmələri, ölkənin parçalanma təhlükəsi və dərin sosial-iqtisadi böhran dövrünə təsadüf edirdi. Köhnə iqtisadi sistemin qalıqlarının mövcudluğu, xüsusilə də milli pul sisteminin olmadığı şəraitdə Mərkəzi Bankın suveren pul siyasəti də mövcud deyildi. Dövlət büdcəsinin kəsiri ÜDM-in 13-14 faizinə çatırdı. Bankın əsas rolu fiskal məqsədlərlə pul çapını həyata keçirməkdən ibarət idi.

Digər sektorlarda olduğu kimi bank sektorunda da dərin böhran müşahidə olunurdu. 1988-1995-ci illərdə möhtəkirlik əməliyyatları həyata keçirmək üçün yüzlərlə yeni bank açılmışdı. Pul kütləsi iqtisadiyyatın əməliyyat tələbinə uyğun olmayan sürətlə artırdı. İqtisadiyyatda aşkar surətdə maliyyə piramidaları qurulmuşdu, aşağı təbəqə sürətlə yoxsullaşırdı.

Nəticədə hiperinflyasiya və əhali gəlirlərinin sürətlə dəyərsizləşməsi baş verirdi, iqtisadiyyatın həcmi hər il ikirəqəmli templə daralırdı. 1992-ci ildə müstəqilliyin əsas atributlarından olan milli valyuta – manat dövriyyəyə buraxılsa da, ölkədə yeganə ödəniş vasitəsi deyildi. Valyuta ehtiyatlarının olmaması məzənnəni tənzimləməyə imkan vermirdi, nəticədə onun xarici və daxili dəyəri sürətlə azalırdı. İnflyasiya və devalvasiya səviyyəsi dördrəqəmli göstəricilərlə ölçülürdü.

İctimai həyatın bütün sahələrində olduğu kimi sosial-iqtisadi sahədə də sabitlik Azərbaycan xalqının təkidi və tələbi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıtmasından sonra baş verdi. Ulu Öndər, ilk növbədə, ictimai-siyasi sabitlik yaratdı, dövlətçiliyin əsaslarını zəiflədən qüvvələri məharətlə zərərsizləşdirməyə nail oldu. Daha sonra iqtisadiyyatın düşdüyü ağır böhrandan çıxarılması üçün əsaslı islahatlara başlandı.

Bu istiqamətdə 1994-cü il iyunun 15-də imzalanan “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” proqram xarakterli Fərman tarixi əhəmiyyət kəsb etdi. Bu Fərman Mərkəzi Bankın fəaliyyətində də dönüş yaratdı. Makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində radikal tədbirlərə başlanıldı. Əsassız pul-kredit ekspansiyasının qarşısı alındı, büdcə kəsirinin emissiya ilə örtülməsinə qanunvericiliklə son qoyuldu. Manat ölkədə yeganə ödəniş vasitəsi elan olundu. Bununla Mərkəzi Bank müstəqil pul-kredit siyasəti yeritmək imkanı əldə etdi. Fərmandan irəli gələn tədbirlərin icrası çərçivəsində beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə ilk dövrdə cəmi 12 milyon dollar olan valyuta ehtiyatları 1995-ci ilin sonuna 250 milyon dollara çatdı. Bu ehtiyatlarla 1995-ci ilin əvvəllərindən valyuta bazarında stabillik təmin edildi.

Görülən tədbirlər nəticəsində inflyasiya səviyyəsi 1993-1994-cü illərdəki dördrəqəmli səviyyədən 1996-cı ildə 19,9 faizə, 1997-ci ildə isə 3,7 faizə endi. Sonrakı illər də dayanıqlı qiymət sabitliyinə nail olunduğunu təsdiqlədi. Aparılmış kompleks islahatlar nəticəsində iqtisadiyyat 1996-cı ildən etibarən müsbət artım fazasına qədəm qoydu. Bu istiqamətdə Ümummilli Liderin əsasını qoyduğu uğurlu neft strategiyası da mühüm rol oynadı. Yaranmış sabitlik nəticəsində Azərbaycan 1997-98-ci il maliyyə böhranından minimal itkilərlə çıxdı.

2003-cü ildən sonrakı dövrü əhatə edən növbəti mərhələdə ölkənin sosial-iqtisadi inkişafı naminə neft gəlirlərindən aktiv istifadə şəraitində Mərkəzi Bank məzənnənin möhkəmlənməsi və inflyasiya arasında optimal balans yaratmağa nail oldu. Bank izafi valyuta təklifini sterilizasiya etməklə iqtisadiyyatın zəruri likvidliyə olan tələbatını ödədi, eyni zamanda, manatın məzənnəsini kəskin möhkəmlənmədən qorudu. Məcmu tələbin genişlənməsi ilə bağlı inflyasiyanı azaltmaq üçün manatın müəyyən çərçivədə möhkəmlənməsinə şərait yaradıldı, valyuta müdaxilələri nəticəsində artan pul kütləsini tənzimləmək üçün pul siyasəti alətlərindən adekvat istifadə edildi.

Yaradılmış maliyyə resursları və çevik idarəetmə sayəsində Azərbaycan 2008-2009-cu illərin qlobal iqtisadi-maliyyə böhranından minimal itkilərlə çıxdı. Qısa müddətdə ölkədə makroiqtisadi sabitlik təmin olundu.

Növbəti böhran epizodu 2014-2015-ci illərdə yaşandı. Dünya bazarında neftin kəskin ucuzlaşması ölkənin xarici valyuta gəlirlərinin və tədiyə balansının pisləşməsinə gətirib çıxardı. Bununla əlaqədar büdcə-vergi və pul-məzənnə siyasətində adekvat manevrlər həyata keçirildi. Bu tədbirlər qısa zamanda öz müsbət nəticələrini verdi. 2017-ci ildən başlayaraq ölkədə makroiqtisadi sabitlik yaradıldı, inflyasiya birrəqəmli səviyyədə sabitləşdi, iqtisadi artım bərpa olundu, ölkənin strateji valyuta ehtiyatları yenidən artmağa başladı. Profisitli tədiyə balansı və valyuta bazarındakı tarazlıq inflyasiya gözləntilərini də stabilləşdirdi.

Ümummilli Liderin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşmasında da dönüş nöqtəsi oldu. Onun məşhur “Hər bir xalqın bankı onun iqtisadiyyatının, maliyyəsinin ən mötəbər hissəsidir” devizi altında qəbul etdiyi proqramlar əsasında bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlandı, özəl bankların sayı optimallaşdırıldı.

Bank qanunvericiliyi yenilənərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Ölkədə ikipilləli bank sistemi yaradıldı. 90-cı illərin ortalarında 3 dövlət bankı restrukturizasiya olundu, onların sağlam aktivləri əsasında vahid dövlət bankı yaradıldı və sonradan özəlləşdirildi. Klassik maliyyə vasitəçiliyi formalaşdı, özəl bankların bank aktivlərində payı əhəmiyyətli artdı. Xarici kapitalın iştirakına bütün limitlər aradan qaldırıldı. Bank olmayan kredit təşkilatları şəbəkəsi formalaşdırıldı. Geniş filial şəbəkəsi ilə ölkənin bütün yaşayış məntəqələrini əhatə edən “Azərpoçt” maliyyə xidmətləri göstərməyə başladı. Ölkədə ilk dəfə bank sektorunda maliyyə hesabatlılığının beynəlxalq standartları tətbiq olundu. Müasir tələblərə və Bazel standartlarına uyğun bank nəzarəti çərçivəsi yaradıldı. Avropa standartlarına uyğun üçüncü nəsil bank qanunvericiliyi qəbul edildi. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması institutlaşdı, əhalinin maliyyə savadlılığının artırılması istiqamətində irimiqyaslı işlər görüldü. Kapitalın hərəkəti rejimi liberallaşdırıldı. Mərkəzi Bankın həyata keçirdiyi siyasət və vaxtilə gördüyü tədbirlər bank sisteminin maliyyə dayanıqlılığının qorunması, sektorun maliyyə dərinliyinin artırılması, ölkədə maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadı.

Makroiqtisadi və maliyyə stabilliyinin təmin edilməsi şəraitində əhalinin bank sisteminə inamı bərpa olunmağa başladı. Bütövlükdə 250-dən çox sağlam olmayan bankın lisenziyası geri çağırıldı. Nəticədə 2001-ci ildə onların sayı 59-a, 2013-cü ildə isə 42-dək azaldıldı və iqtisadiyyatda maliyyə vasitəçiliyi rolu möhkəmləndi.

Son onilliklərdə dünyada mərkəzi bankçılığın institusional arxitekturasında köklü dəyişikliklər baş verib və müasir mərkəzi banklar mühüm makroiqtisadi sabitlik institutuna çevrilib. Makroiqtisadi sabitliyin ən başlıca lövbəri isə qiymət sabitliyidir. Qiymətlərin aşağı və az dəyişkən olması biznesin investisiya qərarlarını daha düzgün planlaşdırmağa, əhalinin yığım və istehlak xərclərini optimallaşdırmağa imkan verir. Qiymət sabitliyi həm də mühüm sosial göstəricidir. Qiymətlərin dəyişməsi Azərbaycanda yaşayan 2,1 milyon ailənin büdcəsinə birbaşa təsir göstərir.

Mərkəzi Bank ölkə rəhbərliyinin birbaşa dəstəyi ilə 1997-ci ildən etibarən inflyasiyanı adekvat şəkildə idarə etməyə nail olub. Son 22 ildə qiymətlərin orta illik artım tempi cəmi 5,3 faiz təşkil edib. Bu isə empirik ədəbiyyata əsasən optimal səviyyə hesab olunur. Müqayisə üçün deyək ki, inkişaf etməkdə olan ölkələrdə bu dövrdə orta hesabla 7 faiz inflyasiya baş verib. Qürurla qeyd edə bilərik ki, Azərbaycan MDB tərəfdaşları içərisində inflyasiyanı uzunmüddətli dövrdə ən aşağı səviyyədə idarə etmiş ölkədir. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu aşağı inflyasiya səviyyəsinə Azərbaycan iqtisadi hərarətlənmənin kifayət qədər yüksək olduğu – iqtisadiyyatın 5,7 dəfə böyüdüyü (MDB-də cəmi 2,3 dəfə) şəraitdə nail olub. Uzunmüddətli dövrdə Azərbaycanda milli valyutanın məzənnəsi də müqayisədə sabit qalıb. 1995-ci ilin əvvəlindən bəri manat ABŞ dollarına nəzərən təxminən 2 dəfə ucuzlaşdığı halda partnyor ölkələr arasında milli valyutası 7 dəfə, 16 dəfə, 86 dəfə, hətta 300 dəfəyədək dəyərsizləşən ölkələr var.

Mərkəzi Bank öz başlıca mandatı olan qiymət sabitliyinə nail olmaq üçün sərəncamındakı alət arsenalından çevik istifadə edir. Təkcə bu ilin ötən dövründə 6 pul siyasəti qərarı qəbul olunub, faiz dərəcələri mərhələli surətdə aşağı salınıb. Bütövlükdə son 10 il ərzində kontrtsiklik monetar siyasət çərçivəsində Mərkəzi Bank faiz dərəcələrinə 24 dəfə dəyişiklik edib.

Pul təklifinin optimal səviyyədə tənzimlənməsi də qiymət sabitliyinin təmin olunmasının başlıca şərti kimi çıxış edir. Dövriyyədə olan likvidliyin tənzimlənməsi məqsədilə Mərkəzi Bank açıq bazarda əməliyyatlar aparır, iqtisadi tsikldən asılı olaraq sterilizasiya və ya emissiya əməliyyatları həyata keçirir.

Qiymət sabitliyinin mühüm şərtlərindən biri də məzənnə sabitliyidir. Xüsusilə Azərbaycan kimi kiçik açıq iqtisadiyyatlı ölkələrdə məzənnə son və aralıq istehlak məhsulların idxal qiyməti kanalı ilə inflyasiya proseslərinə ciddi təsir göstərir. Bu baxımdan qiymət sabitliyinin təmin edilməsində məzənnədən aktiv lövbər kimi istifadə olunur. Valyuta bazarında təklifin sabitliyini təmin etmək üçün Dövlət Neft Fondunun vəsaitləri ilə Mərkəzi Bank müntəzəm qrafik əsasında valyuta hərracı keçirir. Valyuta hərraclarının nəticələri göstərir ki, valyuta bazarında tam sabitlikdir, hətta təklifin tələbi üstələməsi baş verir. Eyni zamanda, son 2 ildə Mərkəzi Bankın valyuta ehtiyatlarında ciddi dəyişiklik olmadığı müşahidə edilir. Bütün bunlar göstərir ki, valyuta bazarı təbii tarazlıq halına yaxındır və məzənnəyə ucuzlaşma təzyiqi mövcud deyil, bu baxımdan Mərkəzi Bankın müdaxiləsinə zərurət qalmır.

Mərkəzi Bank ali siyasi rəhbərliyin dəstəyi ilə ötən dövrdə bank quruculuğu sahəsində də mühüm irəliləyişlərə nail olub. Requlyativ tələblərə cavab verməyən bankların sektordan kənarlaşdırılması, habelə əlavə kapital tələbinin müəyyən olunmasından sonra bankların maliyyə vasitəçiliyində rolu güclənməyə, iqtisadi artımın maliyyələşməsində bank-maliyyə sektoru da aktiv iştirak etməyə başlayıb. Bankların kredit portfeli 30 dəfə artıb, maliyyə dərinliyi (kreditlər/qeyri-neft ÜDM-i) 51 faizə çatıb. 2008-2015-ci illərdə bank sektoru (Beynəlxalq Bank nəzərə alınmadan) 75 milyard manat həcmində kredit verib. Bank kreditləri büdcə xərcləri ilə yanaşı, kapital qoyuluşlarının əsas mənbələrindən birinə çevrilib.

Bank sektoru “təxirə salınmış” istehlakı maliyyələşdirməklə və depozitlər üzrə təkcə 2009-2015-ci illərdə 5 milyard manatdan çox faizlər ödəməklə əhalinin sosial rifahının (mənzil şəraiti, uzun müddətli istehlak mallarının alınması, cari ehtiyacların kreditləşdirilməsi və sair) yaxşılaşmasına dəstək verib. Neft bumu illərində sürətlə artan əhali gəlirlərinin bir qismi yığıma və bankların resurs mənbəyinə çevrildi. 2003-cü ildən bəri adambaşına əmanətlər 21 dəfə, əmanətçilərin sayı 13 dəfə artdı. Maliyyə resurslarının artımı kreditləşmə bumuna səbəb oldu. Bank sektorunun maliyyə dərinliyi 3 dəfədən çox artaraq qeyri-neft ÜDM-in 77 faizinə çatdı. Bu göstərici üzrə Azərbaycan dünya ölkələri arasında 2003-cü ildəki 162-ci yerdən 56-cı yerə yüksəldi. Sektorun aktivləri 33 dəfə artdı, aktivlərin orta illik artım templəri (36 faiz) iqtisadi artımı 3 dəfəyədək üstələdi.

Maliyyə vasitəçiliyinin gücləndirilməsi məqsədilə Mərkəzi Bank bir çox yeni maliyyə institutlarının yaradılmasına nail oldu. Bunlardan biri 2007-ci ildə yaradılmış Əmanətlərin Sığortalanması Fondu idi. Bu fond sektora əmanət qoyuluşunu stimullaşdırmaqda və əhalinin bank sektoruna inamını artırmaqda mühüm rol oynamışdı. Eyni zamanda, əhalinin mənzil şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək məqsədilə Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradıldı. Ümumilikdə, 2006-2018-ci illər ərzində fond tərəfindən 1,2 milyard manat məbləğində 25 min ipoteka krediti verilib. Mühüm institutlardan biri də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə Mərkəzi Bankın nəzdində yaradılmış Maliyyə Monitorinqi Xidməti idi.

Mərkəzi Bank ölkədə maliyyə vasitəçiliyinin gücləndirilməsi məqsədilə, eyni zamanda, digər qurumlara fəal dəstək verdi. Regionlarda əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması məqsədilə geniş regional filial və şöbələrinə malik “Azərpoçt” MMC yenidən quruldu və ona ənənəvi poçt xidmətləri ilə yanaşı, maliyyə xidmətləri göstərməsi üçün müvafiq lisenziya verildi.

Bank-maliyyə sektoru uğurla həyata keçirilən inkişaf və modernizasiya strategiyası, həmçinin böhranqabağı preventiv idarəetmə tədbirləri nəticəsində 2008-ci ildən başlayan qlobal böhrana qarşı kifayət qədər dayanıqlılıq nümayiş etdirərək öz müvazinətini itirmədi. 2014-cü ilin ikinci yarısında qlobal arenadakı qeyri-müəyyənliklər və neftin qiymətinin kəskin azalmasının mənfi nəticələri bank sisteminə təsirsiz ötüşmədi.

Lakin bu təsirlərin aradan qaldırılması üçün cari ilin fevralında Prezident İlham Əliyev tərəfindən uğurlu və humanist addım atılaraq problemli kreditlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıldı və uğurla yekunlaşdırıldı. 2015-ci ildə milli valyutanın ucuzlaşması nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə yaranan maliyyə itkilərinin, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə 2019-cu il fevralın 28-də ölkə başçısı tərəfindən müvafiq Fərman imzalanıb. Həmin Fərmanla Mərkəzi Banka fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi həvalə olundu. Hazırda Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə zəmanət sazişi layihəsinin hazırlanması üzrə işlər davam etdirilir.

Kölgə iqtisadiyyatı ilə mübarizə məqsədilə nağdsız ödənişlərin genişləndirilməsi və nağd dövriyyənin məhdudlaşdırılması dövlətimizin başçısının xüsusi diqqətindədir. Mərkəzi Bank bu istiqamətdə digər aidiyyəti qurumlar, xüsusilə Vergilər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə fəal iş aparır. Bu istiqamətdə Mərkəzi Bankın üzərinə düşən başlıca vəzifə modern ödəniş infrastrukturunun qurulması, onun əlçatanlığının radikal artırılmasıdır. Hazırda ölkədə ödəniş kartlarının ümumi sayı 7,1 milyonu keçib. Bu, hər 100 vətəndaş üçün 71 kart deməkdir və Azərbaycan bu göstəriciyə görə Cənubi Qafqazda liderdir. Son 10 ildə bankomatların sayı 62 faiz, POS-terminalların sayı 7,5 dəfə artıb. Təsadüfi deyil ki, kartlarla nağdsız ödənişlərin xüsusi çəkisi son 5 ildə 4 faizdən hazırda 20 faizə kimi yüksəlib və ya 5 dəfə artıb.

Nağdsız hesablaşmaların artırılması məqsədilə milli ödəniş sisteminin modernizasiyası, beynəlxalq təşkilatlardan asılılığın azaldılması, ödəniş sistemlərinin fəaliyyətində sabitliyin və etibarlılığın qorunması da Mərkəzi Bankın daimi diqqət mərkəzindədir. Yaradılmış modern və etibarlı infrastruktur, həmçinin vergi stimulları və effektiv vergi administrasiyası nağdsız ödənişlərin sürətlə genişlənməsinə imkan verir. Bütövlükdə milli ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatların həcmi 2018-ci ildə 252 milyard manata çatıb ki, bu da milli məhsulun 3,4 misli deməkdir.

Bununla belə, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələr görülmüş işlərdən daha çoxdur. Hələ də kart ödənişlərində nağd pulun çıxarılması üstünlük təşkil edir, kölgə iqtisadiyyatında fəaliyyət göstərən müəssisələr nağd ödənişlərə üstünlük verir. Bütün bu çağırışları, müasir qlobal tendensiyaları nəzərə alaraq Mərkəzi Bank 2017-ci ildə geniş təcrübəyə və resurs imkanlarına malik olan “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə “Nağdsız Azərbaycan” layihəsi icra edilib. Bu layihədən əldə edilən uğurlu nəticə isə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”dır ki, proqram ölkə başçısının 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənib. Hazırda Dövlət Proqramına uyğun olaraq müvafiq tədbirlər aidiyyəti dövlət qurumları tərəfindən icra edilir.

Mərkəzi Bank nağd pul dövriyyəsinin təşkilini, iqtisadiyyatın pula tələbatının tam həcmdə, adekvat strukturda və vaxtında ödənilməsini, o cümlədən nağd pul üzrə strateji ehtiyatların yaradılmasını daim diqqətdə saxlayır. Bu istiqamətdə ən böyük islahatlardan biri ölkə başçısının təşəbbüsü ilə 2006-cı ildə həyata keçirilən denominasiya idi. Denominasiya ilə ölkəmiz iqtisadi transformasiya böhranından miras qalmış sıfırları ixtisar etməklə milli valyuta vahidinin dəyərini dünyanın ən qabaqcıl valyutalarına yaxınlaşdırmağa nail oldu. Nəticədə yığım və hesablaşma vasitəsi olaraq manata etimad əhəmiyyətli yüksəlməyə başladı, uzunmüddətli və dayanıqlı dedollarlaşma prosesinin əsası qoyuldu.

Eyni zamanda, ötən il Mərkəzi Bank nağd pul sferasındakı tendensiyaları, irinominallı pul nişanlarının dövriyyədəki payını və bu sahədəki dünya təcrübəsini nəzərə alaraq daha irinominallı 200 manatlıq pul nişanını çap etdirərək dövriyyəyə buraxdı. Bununla pul nişanlarının ödənişlərə adekvatlığı yüksəldi.

Hazırda Mərkəzi Bank dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyalar nəzərə alınmaqla, pul nişanlarının dizayn və mühafizə sistemlərini mütəmadi təkmilləşdirir. Tədavülə buraxılmasından ötən 14 il müddətində milli pul nişanları “Müstəqil Azərbaycan” konseptual mövzusuna, estetik görünüşünə, təhlükəsizlik səviyyəsinə görə öz funksiyasını layiqincə yerinə yetirib. Lakin dünyada pulların mühafizə sistemlərində tamamilə yeni innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi sahəsindəki çağırışları nəzərə alaraq 200 manatlıq və yenilənmiş 10 manatlıq pul nişanlarının hazırlanmasında ən müasir texnologiyalardan və təhlükəsizlik sistemlərindən istifadə edilib.

Bunlarla yanaşı, pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili məqsədilə Mərkəzi Bankın inzibati binasında yüksək texnoloji sistem və avadanlıqlarla təchiz olunmuş xüsusi laboratoriya yaradılıb, kredit təşkilatları və hüquq-mühafizə orqanları ilə koordinasiyanı həyata keçirən “Saxta pul nişanlarının monitorinqi sistemi” təşkil olunub. Hazırda Mərkəzi Bank aidiyyəti qurumlarla, xüsusilə Daxili İşlər Nazirliyi ilə birgə saxta pul dövriyyəsinə qarşı fəal mübarizə aparır.

Gənc və müstəqil Azərbaycanda mütəmadi olaraq cəmiyyət qarşısında yeni çağırışlar və xatirəsi əbədiləşdirilməli olan yeni dəyərlər formalaşır. Ölkə ictimaiyyəti tərəfindən daha rəğbətlə qarşılanan və daha əhəmiyyətli hesab olunan mövzuların seçilməsi ilə Mərkəzi Bank tərəfindən xatirə və yubiley pul nişanlarının buraxılışı üzrə müvafiq siyasət qəbul edilib və indiyədək müxtəlif nominallı, ölkənin görkəmli şəxslərini, ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, eyni zamanda, müasir dizayna malik 47 növdə 41 min ədəd yubiley və xatirə pul nişanları dövriyyəyə buraxılıb. Mərkəzi Bank tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 80, 85, 90 və 95 illik yubileylərinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin, böyük opera müğənnisi Bülbülün, dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə, Milli Mətbuatın 135 illik, Mərkəzi Bankın 20 illik yubileyinə, Naxçıvan MR-in 90 illiyinə, eləcə də müasir tariximizin ən böyük nailiyyətlərindən olan Əsrin müqaviləsi, TANAP , “Azerspace-1”, Bakı-Tbilisi-Qars layihələrinə və I Avropa Oyunlarına həsr olunmuş yubiley və xatirə pul nişanları tədavülə buraxılıb.

Azərbaycan Prezidentinin uğurla həyata keçirdiyi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə insan kapitalının mütəmadi artırılmasıdır. Mərkəzi Bank da öz missiyası çərçivəsində üzərinə düşən vəzifələrlə yanaşı, korporativ sosial layihələrin həyata keçirilməsi ilə də bu siyasətə dəstək verir. Belə sosial layihələrdən biri Biləsuvar rayonundakı Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksidir. Kompleks məktəb-lisey və bağçadan ibarətdir. Mərkəzi Bankın maliyyə dəstəyi ilə məktəb-liseydə qabaqcıl təhsil infrastrukturu yaradılıb, yüksəkixtisaslı müəllimlər işə cəlb olunub, kurikulum müasirləşdirilib.

Mərkəzi Bank bütün dövrlərdə mürəkkəb vəzifələrin həllində püxtələşib və zəngin təcrübəyə malik instituta çevrilib. Dövlət qurumları arasında ilk dəfə olaraq Mərkəzi Bankda strateji planlaşdırma sisteminə keçilib, onlarla layihə uğurla reallaşdırılıb. Bankın mandatından irəli gələn missiyanın effektiv həyata keçirilməsi üçün müasir təşkilati struktur və qərarvermə prosedurları, bütün fəaliyyət istiqamətləri üzrə zəruri biznes prosesləri formalaşıb, korporativ idarəetmə standartları tətbiq olunub. Daxili biznes proseslər və informasiya sistemləri avtomatlaşdırılıb, elektron hökumətə inteqrasiya üçün platforma yaradılıb. Texnoloji inkişafda müasir avadanlıq və proqram təminatları istifadə olunur.

Gənc, dinamik və istedadlı işçi heyəti bankın yeniləşmə prosesində fəal iştirak potensialına malikdir. Yeni dövrün çağırışlarına uyğun olaraq Mərkəzi Bankda təhlil-tədqiqat və modelləşmə potensialı yaradılıb. Formalaşan analitik potensial makro və mikroiqtisadi prosesləri operativ qiymətləndirmək və proqnozlaşdırmağa, optimal qərarların qəbuluna imkan verir. Təsadüfi deyil ki, Mərkəzi Bank ölkədə mühüm beyin mərkəzinə çevrilib.

Effektiv kommunikasiya sayəsində Mərkəzi Bankın şəffaflığı daim artır. Milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasının dərinləşdiyi bir dövrdə beynəlxalq maliyyə-kredit təşkilatları və mərkəzi bankçılıq işi üzrə beynəlxalq nüfuza malik ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Mərkəzi Bankın qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etməyə, aparılan islahatlar və modernləşmə tədbirlərində bank işində zəngin təcrübəyə malik olan xarici mərkəzi bankların təcrübəsindən faydalanmağa, habelə bankın beynəlxalq arenada layiqincə təmsil edilməsinə zəmin yaradır. Beynəlxalq maliyyə-kredit təşkilatları, aparıcı mərkəzi banklarla səmərəli əməkdaşlıq, həyata keçirilmiş texniki yardım layihələri imkan verir ki, müasir mərkəzi bankçılıq formalaşsın və fəaliyyət göstərsin. Bu gün Azərbaycan Mərkəzi Bankı texniki yardım cəlb edən təşkilatdan donorluq fəaliyyəti göstərən təşkilata çevrilib. Belə ki, mərkəzi bankçılığın müxtəlif istiqamətləri üzrə öz təcrübəsini bölüşmək üçün Mərkəzi Bank tərəfdaş xarici mərkəzi banklarla əməkdaşlığını genişləndirir.

Mərkəzi Bankın 100 illik yubileyi Prezident İlham Əliyev tərəfindən ölkədə yeni nəsil iqtisadi islahatların sürətlə həyata keçirildiyi bir dövrə təsadüf edir. Bu islahatlar bütün sferalarda aparılan və yeni inkişaf modelinə keçidə xidmət edir.

Son vaxtlar qəbul edilmiş qərarlar içərisində ən ciddi sosial problemlərdən biri olan milli valyutanın məzənnəsinin korreksiyası nəticəsində əhalinin xarici valyutada kreditlərində yaranmış zərərlərin tam kompensasiya edilməsi və müəyyən məbləğə qədər milli valyutada vaxtı keçmiş istehlak kreditlərinin dərindən restrukturizasiyasını xüsusi vurğulamaq yerinə düşər. Miqyasına və xarakterinə görə beynəlxalq analogiyası olmayan bu qərar ailə büdcələrinin sağlamlaşdırılmasında mühüm rol oynayıb.

Ölkədə həyata keçirilmiş makroiqtisadi stabilizasiya tədbirləri, o cümlədən 2017-ci ildən makroiqtisadi sabitliyin yaranması, aşağı inflyasiyanın təmin edilməsi və valyuta bazarının tarazlığı da ölkə vətəndaşlarının real gəlirlərinin artmasına şərait yaradır. Bu şəraitdə yeni strateji dövrün çağırışları da nəzərə alınmaqla artıq 100 illik tarixi olan Mərkəzi Bankın qarşısında daha ambisiyalı hədəflər qoyulub. Başlıca vəzifə – bundan sonra da makroiqtisadi sabitliyin qorunması, xüsusən də onun başlıca göstəricisi olan inflyasiyaya təsir imkanlarının genişləndirilməsidir.

Mərkəzi Bank ortamüddətli perspektivdə inflyasiya hədəflənməsi rejiminə keçməyi qarşısına məqsəd qoyub. Bu istiqamətdə müvafiq strategiya formalaşdırılıb və yol xəritəsi müəyyən olunub. Bank iqtisadiyyatın mövcud xüsusiyyətlərini və dünya təcrübəsini nəzərə alaraq bu çərçivəyə mərhələli və şərt əsaslı keçidə üstünlük verir. Bunun üçün monetar sferada islahatlara da başlanılıb.

Digər mühüm vəzifə ölkənin nağdsız iqtisadiyyata transformasiyasının yeni və daha sürətli mərhələsini reallaşdırmaqdır. Bu istiqamətdə rəqəmsallaşma, 7/24/365 rejimli ani ödəniş sisteminin yaradılması layihəsi həyata keçirilməkdədir. Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə nağdsızlaşma tədbirləri də sürətlə həyata keçirilməkdədir.

Rəqəmsallaşma və nağdsız cəmiyyətə transformasiya ölkədə ölkənin maliyyə resurslarının inkişaf məqsədlərinə transformasiyası, maliyyə vasitəçiliyinin genişlənməsi və maliyyə sektorunun gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Fintex istiqamətində müasir dövrdə gedən meyillərə uyğun olaraq “blockchain” platformasında müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Rəqəmsal identifikasiya sisteminin yaradılması layihəsinə başlanılıb. Milli kriptovalyutaların da formalaşdırılması imkanları nəzərdən keçirilməkdədir. Bütün bunlar ənənəvi bankçılıqdan kənarda da maliyyə resurslarının effektiv axınına imkan verməlidir.

Nağdsız ödənişlərin inkişafı istiqamətində genişmiqyaslı islahatlar heç də nağd əməliyyatların tamam istisna olacağını şərtləndirmir. Nağdsız ödənişlərin inkişafı ilə yanaşı, nağd əməliyyatlarda da müəyyən templə artımlar baş verir. Ona görə qarşıdakı strateji dövrdə də müasir nağd pul idarəetməsinin inkişafı, nümunəvi dizaynda yeni nəsil pul nişanlarının yaradılması, nağd pul üzrə xidmətlərin qabaqcıl standartlara çatdırılması işləri davam etdiriləcək.

Mərkəzi Bankın üzləşdiyi çağırışlar yetərli daxili idarəetmə və resurs potensialının yaradılmasını tələb edir. Qarşıdakı dövrdə də Mərkəzi Bankda korporativ fəaliyyətin, insan resurslarının, texnoloji inkişafın, müxtəlif xarakterli risklərin, daxili kommunikasiyanın idarə olunması üzrə proseslərin avtomatlaşdırılması əsas prioritetlərdən hesab olunur. Bu dövrdə insan resurslarının inkişafı, əməkdaşların bilik və bacarıqlarının qabaqcıl standartlara çatdırılması, Bankın texnoloji infrastrukturunun yenilənməsi və onun təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində olacaqdır. Eyni zamanda, Mərkəzi Bank iqtisadi tədqiqat, ekspertiza və müzakirə-məşvərət potensialından istifadə etməklə iqtisadi siyasətin formalaşmasında hökumətin intellektual partnyoruna çevrilmək qabiliyyətindədir. Bütövlükdə əsas vizyon XXI əsrin aparıcı mərkəzi bankları sırasında olmaqdır.