Azərbaycanda kirayə mənzillərin sayı ARTIRILDI

0
276

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına daha 216 tam təmirli mənzil daxil edilib.

Fonddan verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə vətəndaşlara 44 yaşayış sahəsi təklif olunur ki, bunlar da 2 və 3 otaqlı mənzillərdir. Kompleksdə yeni mənzillərin aylıq ödənişləri 557 manatdan başlayır.

Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesinin 17-ci kilometrdə yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 172 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərində sığorta da daxil olmaqla xərclər nəzərə alınmaqla hesablanır.

Yeni mənzillər elektron sistem üzərindən seçim üçün avqustun 8-dən açıq olacaq. Vətəndaşlar yeni yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə keçid vasitəsilə tanış ola bilərlər.

Xatırladaq ki, ötən ay sözügedən iki ünvanda kirayə mexanizmi çərçivəsində 211 tam təmirli mənzil vətəndaşların seçiminə verilmişdi. Ümumilikdə isə indiyə qədər bu mexanizmdən 1 847 ailə faydalanıb.