Azərbaycanda karantini pozan vəzifəli şəxsə töhmət verildi

0
360

Azərbaycanda karantin qaydalarını pozan məktəb direktoru töhmət alıb.

Təhsil Nazirliyindən bildirilib ki, Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru Səmədova Sevinc Əhməd qızının rəhbərliyi ilə  12 iyun 2020-ci ildə, saat 10:00 radələrində məktəbin 150 yerlik akt zalında şagirdlərin biliyinin qiymətləndirilməsi və sinif jurnallarının yazılmasının yekunu barədə Pedaqoji Şura iclası keçirilib:

“İclasda 25 nəfər iştirak edib. Məktəbin direktoru Sevinc Səmədova və direktor müavinləri izahat verərək, qeyd olunanları təsdiq ediblər. İzahatlarında göstəriblər ki, kənd ərazisində internet şəbəkəsi yaxşı işləmədiyindən iclasın onlayn keçirilməsi mümkün olmadığı üçün bilməyərəkdən bu səhvə yol veriblər”.

“Yuxarıda qeyd olunanları nəzərə alaraq, Təhsil Şöbəsinin müvafiq əmri ilə Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru Səmədova Sevinc Əhməd qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin  2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ucar rayon Ağamusa Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbin direktoru Səmədova Sevinc məktəbdə qapalı şəraitdə iclas keçirib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 10 nəfərdən artıq adamın toplaşması kütləvi hal hesab edilir. Bu da karantin qaydalarının pozulması hesab olunur və yolverilməzdir.