Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqda ev tikənlərin cərimələnməsinə başlanılıb

0
244

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikənlər cərimələnməyə başlanılıb.

bu evlərin sakinlərinə inzibati xəta haqqında işə baxılması barədə göndərilən bildirişlərdə qeyd olunur ki, Azərbaycan Prezidentinin 2020-ci il 12 may tarixli fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi ilə müəyyən edilmiş torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanının müfəttişləri tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində keçirilən monitorinq zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən inzibati xətaya yol verildiyi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tətbiq olunub.

Qeyd edək ki, Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Bildirişlərdə həmin evlərin sahiblərinə Dövlət Xidmətinin müvafiq şöbələrində inzibati xətaya dair işə baxılacağı tarix bildirilir və işə baxılacağı ilə əlaqədar sübutların təqdim olunması da təklif edilir. O da nəzərə çatdırılır ki, bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 531-ci maddəsinə əsasən 150 manatdan 250 manatadək miqdarda cərimə nəzərdə tutulur.

Bildirişlər Dövlət Xidmətinin müvafiq ərazi şöbələrinin müdirləri tərəfindən imzalanıb.

Qeyd edək ki, Bakıda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş minlərlə ev var. Bəs bu cərimələr hansı dövrdə kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlərə münasibətdə tətbiq olunur? İndiyə kimi belə cərimələrin sayı nə qədər olub?

APA-nın bu barədə ünvanladığı sorğuya cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda (təyinatından kənar) fərdi yaşayış evlərinin inşa edilməsinə münasibətdə yeni və yaxud köhnə tikili olmasından asılı olmayaraq uzanan inzibati xəta olduğundan inzibati tənbeh tədbiri kimi cərimə xətanın aşkar edildiyi vaxtdan tətbiq edilir.
Qeyd edilib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.

Dövlət Xidmətindən o da bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda (təyinatından kənar) fərdi yaşayış evlərinin inşa edilməsi ilə əlaqədar təqsirkar şəxslər barəsində 2015-ci ildən (müvafiq səlahiyyət keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə verildiyi vaxtdan) hazırkı dövrədək inzibati tənbeh tədbiri kimi 609 protokol tərtib edilib.