Azərbaycanda ilk dəfə yay baramasının yetişdirilməsinə başlanıldı – Fotolar

0
675

Azərbaycanda ilk dəfə yay baramasının yetişdirilməsinə başlanıldı

Azərbaycanda ilk dəfə yay baramasının yetişdirilməsinə başlanılıb.

Bu təcrübəyə Zərdab rayonunda uğurla start verilib. Belə ki, Zərdabda mövcud yem bazasını və kümçülərin bu sahəyə olan marağını nəzərə alaraq Rayon İcra Hakimiyyəti başçısının şəxsi vəsaiti hesabına ikinci mərhələdə Çin Xalq Respublikasından 300 qutu barama qurdu gətirilərək iyunun 26-da pulsuz olaraq kümçülərə paylanılıb.

Kümçülər tərəfindən onlara paylanılmış barama qurdunun yay yemləməsi normal aparılır: “Hətta 30-32 dərəcə temperaturda bəzi kümçülərin, o cümlədən rayonun Əlvənd kənd sakini İbrahimov Mənsur Təhməz oğlunun götürdüyü 57 qram barama qurdunun yay yemləməsi 22-ci gün başa çatıb, bəsləmənin 23-cü günü ipəkqurdunun 70 faizi barama sarımağa başlayıb”, – məlumatda deyilir.

Mütəxəssislərin ilkin proqnozlarına görə, rayon üzrə ikinci mərhələdə paylanılmış barama qurdundan 10 tondan çox məhsul istehsalı gözlənilir.

Qeyd edək ki, Zərdabda 2019-cu il birinci mərhələdə 1750 qutu (33250 qram) barama qurdu qəbul edilərək normal bəsləmə aparılıb, nəticədə keçən ildəkindən 11 ton 441 kq çox olmaqla, 65 ton 321 kq barama tədarük edilərək respublikada ən yüksək göstəriciyə nail olunub.

Xatırladaq ki, Zərdab barama istehsalına görə son illər ardıcıl olaraq liderliyini qoruyur.