Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçirildi – FOTO

0
485

 Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Üçüncü Bahar” layihəsi tərəfindən Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçirilib.

“Üçüncü Bahar” festivalının ilk günü yaşlı insanların  iştirakı ilə Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində “poeziya saatı”, “musiqili dəqiqələr” adlı silsilə tədbirlər keçirilib, təqaüdçülərin hekayələri dinlənilib.

Festivalın ikinci günü isə dekabrın 21-də Bakı şəhərində Nizami Kino Mərkəzində baş tutub.

İki hissədən ibarət olan proqramın birinci hissəsi ustad dərsləri və sərgiyə, ikinci hissəsi isə festivalın bağlanış proqramına həsr edilib.

Nizami Kino Mərkəzində baş tutan festivalın birinci hissəsində iştirakçılar masaüstü oyunlarda, ustad dərslərində maraqla iştirak ediblər.

Daha sonra qonaqlar “Üçüncü Bahar” üzvləri tərəfindən hazırlanan əl işlərinin nümayiş olunduğu sərgi guşəsi ilə tanış olublar.

Proqramın ikinci hissəsi “Üçüncü Bahar” təşkilatının üç illik fəaliyyəti haqqında videoçarxın nümayişi ilə başlanıb.

Daha sonra festivalın ilk günü haqqında videoçarx təqdim edilib, “Yaşlılardan ibarət xor kollektivinin” ifası dinlənilib, “Nəsillərarası dialoq” səhnəciyi nümayiş olunub.

Tədbir yaşlı və gənc nəslin nümayəndələrinin “Hər şey gözəldir həyatda” mahnısı əsasında vals rəqsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Üçüncü Bahar” layihəsinin məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır.

Layihə çərçivəsində “Üçüncü bahar” Festivalından sonra Şamaxı şəhərində yaşlıların asudə vaxtının səmərəli təşkili üçün “Yaşa Mərkəzi”nin istifadəyə verilməsi nəzərdə tutulub.